Toyuq kəsimi sexinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonunun Sütəmurdov kəndində fəaliyyət göstərən toyuq kəsimi sexində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Kəsim sexinin qanunsuz fəaliyyət göstərdiyi və qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub. Həmçinin temperatur rejiminə əməl edilmədiyi, etiket məlumatlarının qanunvericiliyin tələblərinə uyğun olmadığı və digər nöqsanlar aşkarlanıb. Qida obyektinə qəbul edilən diri quşların müşayiətedici sənədləri də yoxlamaya təqdim olunmayıb.
Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, obyektin fəaliyyəti məhdudlaşdırılıb.
Araşdırmalar davam etdirilir.

