Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Tovuz rayonunda, müavinləri isə Ağstafa və Qazax rayonlarında vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin bu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq avqustun 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Tovuz rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələt və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov Ağstafa rayonunda və Mətin Kərimli Qazax rayonunda vətəndaşlarla görüşəcəklər.

Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq avqustun 10-dək qəbula yazıla bilərlər.