“İbrahim Tatlışiş” kabab evində at DNT-si aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən paytaxtın Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəbiyev Ağaisa Əlisa oğluna məxsus “İbrahim Tatlışiş” kabab evində yoxlama keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı istifadə olunan farşın keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlər təqdim edilməyib.

Məhsullardan götürülən nümunələrin laborator müayinəsi nəticəsində ətdə at DNT-si aşkarlanıb. Bundan əlavə, müəssisədə izlənmə sisteminin tətbiq edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub və müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Xatırladaq ki, həmin obyektin sahibi 2025-ci ilin may ayında keçirilən yoxlama zamanı da at DNT-si aşkarlanması faktına görə məsuliyyətə cəlb olunmuşdu.