Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin dəyəri 208 milyon 472 min manat kimi qiymətləndirilir

Bu ilin yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1447,5 hektar sahədən yaş kütləsi 391 ton 163 kiloqram olan 4 milyon 124 min 541 yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun bu ilin 8 ayının yekununa dair məlumatında bildirilib.

Qeyd olunub ki, qanunsuz dövriyyədən çıxarılmış 6 ton 994 kiloqram 958,417 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 208 milyon 472 min manat kimi qiymətləndirilir.

Məsuliyyətə cəlb edilmiş 42 xarici ölkə vətəndaşından ümumilikdə 510 kiloqram 042,296 qram və 2778 həb müxtəlif növ narkotik vasitələr, 3 həb güclü təsir edən maddə və 3 çətənə bitkisi (880 qram) götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 136 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 849 kiloqram 351,642 qram və 23 min 29 həb metadon narkotik vasitə çıxarılıb.

Ümumilikdə aşkar edilmiş cinayətlərin 146-sı qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 439 kiloqram 027,718 qram və 950 həb metadon narkotik vasitə və psixotrop maddə, eləcə də 4,8 qram güclü təsir edən maddə və 1,018 qram prekursor müsadirə edilib.

2032 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 1 ton 738 kiloqram 184,71 qram müxtəlif növ narkotik vasitə müsadirə edilib.

Qeyd edək ki, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı 8 ayın yekununa dair məlumatla daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.