“Birgə film istehsalına dəstək” və “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqələri davam edir

Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) 2026-cı il üzrə elan etdiyi “Birgə film istehsalına dəstək” və “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqələri davam edir.

ARKA-dan bildirilib ki, birgə film istehsalına dəstək müsabiqəsi yerli və xarici kino şirkətləri ilə birgə filmlərin istehsalının təşkili, həvəsləndirilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədilə keçirilir. Müsabiqəyə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Gürcüstan şirkətləri ilə birgə layihələr təqdim oluna bilər.

Ortaq ictimai xadimlər və tarixi hadisələrdən bəhs edən, ortaq dəyərlərimizin inkişafına, əlaqələrin güclənməsinə xidmət göstərən, adət-ənənələrimizi təbliğ edən filmlər, eləcə də uşaq filmləri müsabiqənin prioritet mövzularıdır.

Müsabiqəyə qoşulmaq üçün layihənin istehsalçılarından biri mütləq “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş xarici prodüser meyarlarına cavab verən şəxs olmalıdır.

Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin məqsədi milli-mənəvi dəyərlərin qorunması və təbliğində, milli-vətənpərvərlik ruhunun formalaşmasında əhəmiyyətli rol oynayan, milli kimliyi bədii təsirli forma və nümunəvi obrazlarla nümayiş etdirən filmlərin istehsalının maliyyələşdirilməsi, habelə kino sənayesinin və bu sahədə fəaliyyət göstərən özəl sektorun nümayəndələrinin dəstəklənməsidir.

Mövzusu məşhur xadimlərimiz, Azərbaycan dövlətinin tarixi, nağıl və ya dastanlarımızın motivləri, tariximizdə iz qoyan qadınlar, 44 günlük Vətən müharibəsi və onun qəhrəmanları, ailə dəyərləri və demoqrafik problemlər, müasir innovasiya hadisələrinin qəhrəmanları ilə bağlı olan, qeyri-maddi irsimizi əks etdirən, eləcə də uşaq filmləri və musiqili filmlər bu layihənin prioritet mövzularıdır.

Hər iki müsabiqələrin təfərrüatları və iştirak qaydaları ilə ətraflı şəkildə ARKA-nın saytında tanış olmaq, “my.culture.az” saytında qeydiyyatdan keçməklə layihələri təqdim etmək mümkündür.

Xatırladaq ki, birgə film istehsalına dəstək müsabiqəsinə sənədlərin qəbulu noyabrın 30-da, Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri müsabiqəsinə sənədlərin qəbulu isə dekabrın 2-də başa çatacaq.