QAYITSIN TORPAĞIM, UCAL BAYRAĞIM!

QAYITSIN TORPAĞIM, UCAL BAYRAĞIM!

(Doğma Qarabağımıza həsr edirəm!)

 

Qarabağ tarixdir başdan ayağa,

Bənzəməz dünyada hər hansı bağa.

Son qoymaq lazımdır böyük bir dağa,

Qayıtsın torpağım, ucal bayrağım!

 

Gizli bir sirr yatır hər dərəsində,

Mənası qəlbimin dərinliyində.

Allah -qırsın belin düşmənimin də,

Qayıtsın torpağım, ucal bayrağım!

 

Dərdimi danışdım küləyə, yelə,

Çatmadı köməyə onlar da belə.

Qəlbimdə arzular tutuşur elə,

Qayıtsın torpağım, ucal bayrağım!

 

Çox, heyif, görmədim cənnət-məkanı,

Yalnız eşitmişəm böyükdür şanı.

Səbirlə gözlərəm təkcə bir anı,

Qayıtsın torpağım, ucal bayrağım!

 

Kökü də yoxdur ki, beş-üç alçağın,

Oğrular qəsb edib vətən torpağın.

Ax, Vətən, bu sənin neçənci dağın,

Qayıtsın torpağım, ucal bayrağım!

 

İfadə etməyə mədəniyyəti,

Yetməz hər qələmin gücü-qüvvəti.

Allah göstərməsin torpaq həsrəti,

Qayıtsın torpağım, ucal bayrağım!

Qarabağ dedikdə ilk növbədə mən,

Şuşanı düşünnəm bilmirəm nədən?

İlk arzu, istəyim uca Rəbbimdən,

Qayıtsın torpağım, ucal bayrağım!

Şuşa bir incidir Azərbaycanda,

Tapılmaz bu inci cənnət dağında.

Havası, suyu da məlhəmdir hətta,

Qayıtsın torpağım, ucal bayrağım!

 

Şuşanın şöhrəti ta Pənah xandan,

Yayıldı Cahana bir an durmadan.

Bir kəlmə dilimdən düşməyir yaman,

Qayıtşın torpağım, ucal bayrağım!

 

 

Üzeyir ömrünün ilk akkordları*,

Məcnunun Leyliyə gedən yolları,

Şuşayla bağlıdır hər varaqları.

Qayıtsın torpağım, ucal bayrağım!

Burada qonağa yüksəkdir hörmət,

İnsanlıq amalı qeyrətdir, qeyrət.

Danışıb duyuram yüksək fəxarət,

Qayıtsın torpağım, ucal bayrağım!

 

Natəvan göstərdi qadın qeyrətin,

Cahana hayqırdı azadlıq səsin.

Qarabağ mənimdir, düşmənim bilsin!

Qayıtsın torpağım, ucal bayrağım!

Cabbar, Xan, Ariflər yetirmiş torpaq,

Sən bir dünyanın gərdişinə* bax.

Olarmı Vətənə biganə baxmaq?

Qayıtsın torpağım, ucal bayrağım!

 

Arranın*, Qafqazın anası Bərdə,

Atamın atası, anası Bərdə.

Bağdada bərabər şəhərdir Bərdə,

Cənnət qapısıdır doğma torpağım!

İsgəndərdən də üstün ağılda,

Nüşabətək qadın yaşamış burda,

Yaşayıb, yaratmış ucalmış burda.

Cənnət qapısıdır doğma torpağım!

 

Bərdənin vüqarı hələ harası?

Böyük Nizamidən gəlir sədası.

Qarabağ qapısı, Arran* qapısı,

Cənnət qapısıdır doğma torpağım!

 

Bir gözüm Bərdə, digər gözüm Ağdam,

Qəlbim arzularla tutuşur tamam.

Kaş, Ana Yurdum, torpağına sarılam,

Qayıtsın torpağım, ucal bayrağım!

 

Birdən oturub, fikirə dalıram,

Cənnət tarixinə nəzər salıram.

Qarabağ hayqırır türk torpağıyam!

Qayıtsın torpağım, ucal bayrağım!

 

Qarabağ ürəkdir Azərbaycana,

O zaman nur saçar cümlə-cahana.

Ay ellər, obalar, səs verin mana,

Qayıtsın torpağım, ucal bayrağım!

 

Doğma torpağıma kökümlə bağlıyam!

Bir azca düşünsən Qarabağlıyam!

Mən də bu vətənin bir övladıyam!

Qayıtsın torpağım, ucal bayrağım!

 

Qələmim söyləsə gər* mənə şair,

Ancaq yazacağam vətənə dair.

Yaz Qarabağımızdan, yaz, ey şair!

Qayıtsın torpağım, ucal bayrağım!

 

Cavid gələcəyə inamla baxır,

Şəhidlərin ruhun vüqarla anır.

Özüylə bacarmır, səbri daralır,

Onun arzusu tək bir amaldır:

"Qayıtsın torpağım, ucal bayrağım!"

 

LÜĞƏT

Akkord - (musiqi ilə əlaqədar) ahəng, uzlaşma

Gərdiş -1. Gəzinti, seyr; 2. Dövran

Arran - Qədim Qafqaz Albaniyası

Gər - Əgər

 

VƏTƏN OĞLU MÜBARİZ

Anamız vətənin ehtiyacı var deyə,

Döyündü ürəyi, sığışmadı köksünə.

Düşməndən qorxmadı, atıldı irəliyə,

Bir tarixə döndü Vətən oğlu Mübariz.

Süpürdü düşməni bir an belə qorxmadan,

Demədi arxamda neçə qəm var, neçə hicran?

Vətən oğlu kimdir? - onunla bildi Cahan,

Bir tarixə döndü Vətən oğlu Mübariz.

Ağlamasın anam arxamca oğul deyib,

Ağlar qoydu məni, - üzülməsin söyləyib.

Tək anamın deyil, Vətən oğluyam deyib,

Bir tarixə döndü Vətən oğlu Mübariz.

Çəkilmədi bir an, getdi vətən yolunda,

İndi isə yatır O, doğma vətən qoynunda.

Həkk etdi adını uca vətən dağında,

Bir tarixə döndü Vətən oğlu Mübariz.

 

Dalğalan hər zaman, dalğalan zirvələrdə,

Enmə sən, ey bayraq, ucal daim göylərdə.

Baş əyirəm hər an şəhidimin önündə,

Ruhun bir sipərdir, vətənin keşiyində.

Bəşərin övladı, Bəşər oğlu Mübariz,

Bir tarixə döndü Vətən oğlu Mübariz.

Müəllif: Mirzəzadə Cavid