QAYĞIKEŞ HƏKİM VƏ MÜƏLLİMİN ÖMÜR YOLU...

Tanınmış həkim, diaqnostika və müalicə sahəsində görkəmli alim Məmməd Emin Əfəndiyev məktəbinin yetirməsi və davamçısı, mənim anamla birgə Bərdə rayonunun Ləmbəran kəndində həyata göz açmış olan Xurşud xanımın və Tərtər rayonunun Mamırlı kəndindən olan Azərbaycanın ictimai - siyasi, iqtisadi fəaliyyətində mühüm rolu olan Hətəm Quliyevin ailəsində doğulan tibb üzrə fəlsəfə doktoru, dosent Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasında fəal elmi işlə məşğul olan Rasim Hətəm oğlu Quliyevin anadan olmasının 80 illiyi tamam olur.
Rasim Hətəm oğlu Quliyev 1946-ci ilin sentyabırında Tərtər rayonunun Mamırlı kəndində 1-ci sinifə daxil olmuş, 1953-cü ildə həmin məktəbin 7-ci sinifini bitirdikdən sonra valideyinləri Bakiya köçdüyü üçün Bakı şəhərinə gəlib təhsilini davam etdirmişdir. 1958-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub, 1964 - cü ildə əla qiymətlərlə həmin Universiteti bitirmişdir.
1964-1968-ci illərdə gənc yaşlarında Naftalan kurortunda həkim, şöbə müdiri, baş həkimin müalicə işləri üzrə müavini işlədiyi dövrlərdə Sovetlər İttifaqının hər tərəfindən müalicəyə gələn xəstələr arasında yaxşı həkim kimi böyük rəğbət qazanmış, barəsində “Trud” qəzetində “Sizə minnətdaram, insanlar” adlı böyük bir məqalə dərc edilmişdir.
Naftalan kurortunda 4 il işlədikdən sonra - 1968-ci ildə müsabiqə yolu ilə Azərbaycan Tibb İnstitutunun Daxili xəstəliklərin propedevtikası kafedrasına aspiranturaya daxil olmuş və elmi işini müvəfəqiyyətlə müdafiə etmişdir. 1970-ci ildə Daxili xəstəliklərin propedevtikası kafedrasında dərs deməklə yanaşı, müasir təbabətin bir çox sahələrinə aid 130-dan artıq elmi məqalə, 3 dərslik, 1 monoqrafiya yazmışdır.
Rasim Quliyev 1970 – ci ildən həyat yoldaşı Kimya xanımla birgə tibb sahəsində çalışırlar. 1975-ci ildə SSRİ Səhiyyə Nazirliyi tərəfindən Sovet həkimlərinin tərkibində aparıcı mütəxəssis kimi Qvineya-Bissau Respublikasına ezam edilmiş, Respublika Prezidentinin ailə həkimi olmuşdur.
Xalqımızın adına layiq fəaliyyət göstərən həkimin fədəkar əməyi Qvineya-Bissau Respublikasının mərkəzi qəzeti olan “NOPİNTCA” qazetində və eləcə də yazıçı V.Şapoşnikova tərəfindən yazılmış “Moskva” jurnalında da geniş şəkildə işıqlandırılmış, dövlətin Səhiyyə Nazirliyi və Sovet səfirliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
1982-ci ildən Sovet həkimlərinin tərkibində məsləhətçi kimi Şimali Yəmən Ərəb Respublikasına ezam olunan Rasim Quliyev əvvəlcə Sovet Həkimləri qrupunun ilk partiya təşkilat katibi, 1983- cü ildən isə 337 nəfərlik Sovet Həkimlərinin rəhbəri vəzifəsinə təyin edilmişdir. Bu dövrdən Yəmən Ərəb Respublikasından çoxlu miqdarda yerli həkimlər SSRİ-yə ixtisaslaşma kurslarına, aspiranturaya göndərilmişdir. Həmin şəxlər elmi işlərini müvəffəqiyyətlə bitirdikdən sonra Yəmən Ərəb Respublikasında geniş müalicə, diaqnostika, profilaktika işləri ilə məşğul olmağa başlamışlar. İlk dəfə bilavasitə Rasim Quliyevin təşkilatçılığı nəticəsində SSRİ-dən 93 nəfər həkim və orta tibb işçisi bu ölkəyə dəvət edilmiş, ölkənin paytaxtında yerləşən Mərkəzi Hospitalda müqavilə əsasında işə başlamışlar.
Elə bu dövrdə 9 May Qələbə günü münasibəti ilə Yəmən Ərəb Respublikasının Səhiyyə Nazirliyi 3 həkimi, o cümlədən Quliyev Rasim Hətəm oğlunu Fəxri Fərmanla təltif etmişdir. Dosent Rasim Quliyev Sovet səfirliyi tərəfindən fədakar işinə görə sosializm yarışının qalibi döş nişanı ilə təltif edilmişdir. Millətimizi öz şərəfli əməyi ilə təmsil edən tanınmış alim Rasim Quliyevin elmi və praktik fəaliyyəti Qvineya-Bissau Respublikasının hökümət və səfirliyi, eləcə də Yəmən Ərəb Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həmişə yüksək qeyd edilmişdir. Bu illərdə hər iki ölkədə təbabətin müxtəlif sahələrinə həsr edilmiş 12 elmi məqalə Azərbaycan Tropik Xəstəliklər İnstitutunun elmi konfranslarında məruzə şəklində dərc edilmişdir.
Rasim müəllim xaricdə olduğu kimi ölkəmizdə işlədiyi müddətdə fakültə Partiya təşkilat katibi olmuş, fakültə və institutun ictimai fəaliyyətində aktiv iştirak etmiş, Respublikamızda gənc həkimlərin hazırlanmasında bu gün də çalışmaqdadır. Onun yetirmələri Azərbaycan Tibb Universitetində və Respbulikamızın müxtəlif rayonlarında yüksək səviyyəli mütəxəssis kimi çalışaraq xalqımıza fədakarcasına tibbi xidmət göstərirlər.
Doğru deyirlər ki, ot kökü üstə bitər. Rasim müəllim Azərbaycanın ilk maarifçilərindən olan Tərtər, Bərdə rayonlarının, Şuşa şəhər məktəbində, sonralar Qar­yagin Qəza Maarif şöbəsinin müdiri işləmiş Musa bəy Quliyevin nəvəsidir. Musa bəy Quliyev Nəriman Nərimanov, Süleyman Sani Axundov və digərləri ilə birlikdə Qori Seminariyasının başa vurduqdan sonra Peterburq müəllimlər institunun bitirmiş ziyalılarından biridir. Rasim həkimin həyat yoldaşı Kimya xanım Ə.Qarayev adına xəstəxanada həkimdir. Qızı Lamiyə Quliyeva 1995-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmiş, hal-hazırda tibb üzrə fəlsəfə doktoru kimi həmin Universitetin Daxili xəstəliklər kafedrasında həm həkim, həm də fəal elmi işçi kimi çalışır. Nəvələri Rza və Rəsul uğurla ali təhsil alırlar.
Ömrünün 80-ci baharını yaşayan Rasim həkim bu gün də əsil vətəndaşlıq mövqeyi ilə seçilir. Bakı şəhərində, BərdəTərtər rayonlarında, Ramana da Şuşa qaçqın şəhərciyində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə təmənnasız olaraq tibbi yardım göstərir.
Əhatəsində olan insanların, həmkarlarının və tələbələrinin rəğbətini qazanan Rasim müəllimə ömrünün müdriklik çağında möhkəm cansağlığı, xeyirxah işlərini davam etdirmək üçün bundan sonra da güc-qüvvət arzulayırıq! Rasim həkim Ad Günün mübarək olsun!

Arif Cəmil oğlu Quliyev
Hüquq elmləri doktoru, professor,
Ukraynanın Əməkdar təhsil işçisi,
“Xalq diplomatiyası institutu” və
Ukrayna Azərbaycanlıları Alimlər şurası”
İctima təşkilatlarının sədri,
Ukrayna Elmlər Akademiyasının akademiki

 

"Yer və İnsan" jurnalı №02/10/2019