Niyə imtahanda bildiklərimizi unuduruq?


Niyə imtahan zamanı bildiklərimizi unuduruq? Bu vəziyyət bir çoxumuz üçün tanışdır. İmtahana hazırlaşırsınız, hər şey aydın, məntiqli və yaddaqalan görünür. Ancaq imtahan anı gəldikdə, sanki öyrəndiyiniz bütün məlumatlar bir anda silinir. Yaddaşınızdan nələrisə xatırlamağa çalışsanız da, özünüzü zorlasanız da nəticə alınmır – bildikləriniz sizdən uzaqlaşır. Zehində dəhşətli bir boşluq yaranır. Nə qədər çalışsaq da, imtahan zamanı niyə bildiklərimizi unuduruq? Daha da önəmlisi – bu vəziyyətin qarşısını almağın bir yolu varmı?
İmtahana hazırlaşarkən hər şey qaydasında görünə bilər. Mövzuları oxuyursunuz, lazımi hazırlıqları edirsiniz və öyrəndiklərinizi mənimsədiyinizi düşünürsünüz. Lakin bu, imtahanın uğurla keçəcəyinə zəmanət vermir. Çünki çox zaman imtahan zamanı öyrəndiyimiz məlumatların başımızdan uçduğunu hiss edirik.
“Sualları düzgün cavablandıra biləcəyəmmi?”, “Kifayət qədər təkrarlamışammı?”, “Uğur qazanmasam nə olar?” kimi suallar beynimizi məşğul edir. Xüsusilə vacib imtahanlarda demək olar ki, hər kəs narahatlıq problemi ilə üzləşir. Bu narahatlıq sualları görən anda daha da artır və özümüzü sanki bildiyimiz hər şeyi unutmuş kimi hiss edirik.
Beynin üç sahəsi və unutqanlıq
İmtahan zamanı baş verən unutqanlıqların arxasında beynin üç əsas sahəsi dayanır. Bu prosesləri anlamaq üçün həmin sahələrə nəzər salaq:
1. Hipotalamus
Hipotalamus duyğularımız ilə bədən reaksiyalarımız arasında körpü rolunu oynayır. O, birbaşa endokrin sistemlə – yəni hormonların idarə olunması ilə bağlıdır. Stress halında kortizol kimi stress hormonlarının ifrazını tənzimləyir. Bu, ürək döyüntülərini artırır, nəfəs alma sürətini dəyişir və bədəni “vuruş ya da qaç” rejiminə salır. Lakin bu vəziyyət diqqətin cəmlənməsinə mənfi təsir göstərir.
2. Hipokampus
Hipokampus – öyrənmə və yadda saxlama proseslərinə cavabdeh beyindəki strukturdur. Yeni məlumatların öyrənilməsi və saxlanması bu sahədə baş verir. Hipokampus yaddaşın “qapısı” kimi işləyir: məlumatlar beyinə bu “qapı”dan daxil olur və ya çıxır. Güclü stress zamanı bu qapı müvəqqəti olaraq “bağlana” bilər – yəni məlumatlara giriş çətinləşər və ya mümkün olmaz. Bu da imtahan anında “heç nə xatırlaya bilməmək” hissini izah edir.
3. Prefrontal korteks
Prefrontal korteks – alnımızın arxasında yerləşən, düşünmə, qərarvermə və impuls nəzarətindən məsul olan beyinin bir hissəsidir. Bu sahə üç əsas funksiyaya xidmət edir:
• İş yaddaşı: Qısa müddətli məlumatların saxlanılması və emalı (məsələn, sualı oxuyub cavabı beyninizdə təhlil etmək).
• İmpuls nəzarəti: Ani reaksiyaların qarşısını almaq və uyğun davranışı seçmək.
• Qərarvermə: Bir neçə variant arasında məntiqli seçim etmək bacarığı.
Lakin güclü stress zamanı hipotalamusun yaratdığı hormonal dəyişikliklər prefrontal korteksin fəaliyyətini zəiflədir. Nəticədə məlumatları emal edə, düzgün düşünə bilmirsiniz və zehniniz “donmuş” kimi hiss olunur.
Zehni donmanın səbəbi
Beynin bu üç hissəsi – hipotalamus, hipokampus və prefrontal korteks – bir-biri ilə sinxron işləmədikdə, beyində “təhlükə rejimi” aktivləşir. Bu rejim bizi düşünmək yox, yaşamaq üçün hazırlayır. Yəni beynimiz, əslində, imtahanı təhlükə kimi qəbul etdiyindən, rasionallıq yerini instinktlərə verir. Bu da imtahan zamanı məlumatları xatırlamaqda çətinlik yaratmağa səbəb olur.
İmtahan beynimiz üçün təhlükədirmi?
İmtahan narahatlığı demək olar ki, hər bir tələbənin yaşadığı normal bir haldır. Adətən evdə sakit şəraitdə hazırlaşarkən beynimiz “soyuq idrak” rejimində olur – yəni məntiq və analiz ön plandadır. Bu şəraitdə hipotalamus sakitdir, stress hormonları azdır və prefrontal korteks ilə hipokampus rahat işləyir.
Lakin imtahan zalına daxil olduqda vəziyyət dəyişir. Beyin “isti şüur” rejiminə keçir – bu isə daha emosional və irrasional düşüncə tərzidir. Bu rejim zamanı beyin təhdidə qarşı müdafiə reaksiyası verir. Aşağıdakı düşüncələr bu reaksiyanı sürətləndirir:
• “Uğursuz olsam, gələcəyim nə olacaq?”
• “Heç nə xatırlamıram, nə edim?”
• “Bu imtahandan keçə bilməsəm, nə olacaq?”
• “Hamı məndən daha yaxşı hazırlaşıb.”
Bu düşüncələr kortizol səviyyəsini artırır, hipokampusun yaddaşdan məlumat çıxarma qabiliyyətini zəiflədir, prefrontal korteksin funksiyalarını məhdudlaşdırır. Beləliklə, beyin "boşalıbmış" kimi hiss olunur. Bu, kifayət qədər hazırlaşmadığınız anlamına gəlmir – sadəcə beyniniz həmin anda uyğun rejimdə işləmir.
Unutma ilə necə mübarizə aparmalı?
Yaxşı xəbər odur ki, bu vəziyyətlə mübarizə mümkündür. Aşağıdakı üsullar bu baxımdan faydalıdır:
1. Stressi idarə edin
Koqnitiv-davranış texnikaları və nəfəs alma məşqləri imtahan zamanı qəbul edilən təhlükə hissini azaltmağa kömək edir. Bu texnikaların tətbiqi, stresli vəziyyətdə rasional düşüncəyə qayıtmağınıza yardım edir.
2. Reallığa yaxın məşq edin
Hərbçilər real döyüş vəziyyətlərini təqlid edən ssenarilərlə təlim keçirlər. Çünki insan eyni vəziyyətə təkrar məruz qalarsa, onu təhlükə kimi qəbul etmə ehtimalı azalır. Eyni prinsip imtahan üçün də keçərlidir. Özünüzü real imtahan şəraitində sınayın – vaxt təzyiqi ilə testlər işləyin, diqqətinizi yayındıran amillərlə üzləşin. Bu təcrübə beyninizin həmin vəziyyəti tanımasına və daha soyuqqanlı reaksiya verməsinə şərait yaradar.
3. Nəticəni dramatikləşdirməyin
Pis nəticə dünyanın sonu deyil. Əgər uğursuz oldunuzsa, bu, növbəti dəfə daha yaxşı nəticə əldə edə bilməyəcəyiniz anlamına gəlmir. Beyninizi bu həqiqətə inandırmaq, təzyiqi azaltmaq və performansınızı artırmaq üçün vacibdir.
Nəticə
İmtahan zamanı unutmaq – öyrəndiklərimizin silinməsi deyil, sadəcə beynin həmin an məlumatlara çıxışının çətinləşməsidir. Bu, beynin stressə verdiyi təbii cavabdır. Ancaq doğru hazırlıq strategiyaları və zehni məşqlərlə bu reaksiyanı nəzarət altına almaq mümkündür. Ən əsası isə budur: Özünüzə güvənin, müvəqqəti çətinliklərin sizi dayandırmasına imkan verməyin.
Oruc Mustafayev