“Vaşinqton razılaşmaları milli iradənin qələbəsidir" - "Bu, müdrik İlham Əliyev liderliyinin təntənəsidir”

S.Qurbanov: “1919-cu ildə ABŞ-ın yüksək komissarı polkovnik Villiam Haskelin Naxçıvan və Şərur-Dərələyəz qəzasında general-qubernatorluq yaratmaq təşəbbüsü bölgəyə olan marağın təzahürüdür”

Bu gün Milli Məclisdə keçirilən xüsusi iclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov da çıxış edib. O, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb və xüsusilə ölkəmizin son illərdə əldə etdiyi tarixi nailiyyətlərə diqqət çəkib. 

Deputat çıxışında Azərbaycanın strateji mövqeyi, regionda gedən geosiyasi dəyişikliklər, Zəngəzur dəhlizinin əhəmiyyəti və 2025-ci ilin avqustunda imzalanan Vaşinqton razılaşmalarının ölkəmizin xarici siyasətində yeni mərhələ açması barədə fikirlərini bildirib .

Yerveinsan.az Sadiq Qurbanovun çıxışının tam mətnini təqdim edir:

"Dəyərli Sahibə xanım, hörmətli həmkarlar!

Hər birinizi bu gün keçirilən xüsusi iclasda səmimiyyətlə salamlayıram. Müasir Azərbaycanın qurucu lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqillik və azadlıq mübarizəsi, siyasi varisi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması ilə özünün ən yüksək zirvəsinə çatdı.

Siyasət – gələcəyi qabaqcadan görmək və onu xalqın xeyrinə çevirmək sənətidir. Bu prinsip cənab İlham Əliyevin siyasətində parlaq şəkildə təsdiqini tapmışdır.

Azərbaycan tarix boyu dünyanın strateji məkanlarından biri olaraq daim böyük dövlətlərin maraqlarının kəsişdiyi bölgə olub.

1919-cu ildə ABŞ-ın yüksək komissarı polkovnik Villiam Haskelin Naxçıvan və Şərur-Dərələyəz qəzasında general-qubernatorluq yaratmaq təşəbbüsü, 1932-ci ildə Mustafa Kamal Atatürkün şəxsi vəsaiti ilə o vaxtkı İran hökumətindən aldığı torpaqla Türkiyə və Naxçıvan arasında quru bağlantısının sonrakı dövrdə Ulu Öndərin açdığı “ÜMİD” körpüsü ilə təmin edilməsi bu bölgənin geosiyasi əhəmiyyətini bir daha göstərir.

Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkəmiz Qərb və Rusiya arasında balanslaşdırılmış siyasət yürütməklə, güclü iqtisadi və hərbi potensialını möhkəmləndirdi. Bu uğurlar isə Heydər Əliyev və İlham Əliyevin koordinasiyalı fəaliyyətinin nəticəsi oldu.

Bu koordinasiyalı strategiya Azərbaycanın milli və regional maraqlarını qorumaq üçün möhkəm strateji təməl yaratdı. Prezident İlham Əliyev çevik diplomatiyası ilə Naxçıvanın tarixi rolunu daha da gücləndirir, Zəngəzur dəhlizinin reallaşması ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, regionun geosiyasi və iqtisadi xəritəsini köklü şəkildə dəyişdirir.

Bu dəhliz sadəcə Azərbaycan və Türk dünyasının deyil, bütövlükdə Avropadan Asiyaya qədər uzanan geniş məkanın strateji maraqlarına cavab verən qlobal layihədir. Beləliklə, Azərbaycan təkcə regionun aparıcı dövləti deyil, həm də Avrasiyada əməkdaşlıq və sülhün yeni arxitekturasını formalaşdıran qlobal oyunçuya çevrilmişdir.

Məhz cənab İlham Əliyevin böyüklüyü ondadır ki, o, tarixi mirası strateji üstünlüyə çevirərək Azərbaycanı regionun lokomotivinə, sülh və əməkdaşlığın əsas dayağına çevirmişdir. Çünki əsl liderlik yalnız gücü nümayiş etdirmək deyil, həm də onu hüquqa çevirmək və beynəlxalq legitimlik qazanmaq bacarığıdır.


“Güc yalnız hüquqa çevriləndə dayanıqlı olur” prinsipini cənab İlham Əliyev praktik siyasətə tətbiq edərək Azərbaycanın milli maraqlarını beynəlxalq hüququn təməl prinsipləri ilə uzlaşdırmışdır.

Azərbaycan-ABŞ münasibətləri İlham Əliyev və Donald Tramp dövründə yeni mərhələyə qədəm qoydu. Vaşinqtonda keçirilən üçtərəfli görüş və ilkin sülh sazişi sadəcə diplomatik prosedur deyil, Cənubi Qafqazda yeni siyasi şəraitin yaranmasına yol açdı. Yeni şərait isə regionda davamlı sülhün təmin olunmasına zəmanət verir. Aristotelin dediyi kimi: “Ədalət olmadan sülh davamlı ola bilməz.”

2025-ci ilin avqustunda imzalanan Vaşinqton razılaşmaları Azərbaycanın xarici siyasətində yeni bir mərhələ oldu. Bu razılaşmalar Zəngəzur dəhlizinin açılmasını təmin edir, Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini möhkəmləndirir və regionun iqtisadi xəritəsini dəyişdirir. Bu layihə təkcə iqtisadi deyil, həm də Azərbaycanın qəti iradəsinin, diplomatik məharətinin və xalqımızın birliyinin təntənəsidir. Ən önəmlisi isə odur ki, bu razılaşma böyük dövlətlərin də maraqlarına cavab verərək regionun sabitliyinə beynəlxalq təminat gətirir.

Vaşinqton razılaşmaları Azərbaycanın diplomatik zəfəri, milli iradənin qələbəsi və müdrik İlham Əliyev liderliyinin təntənəsidir. Azərbaycanın uğuru yalnız iqtisadi tərəqqi, hərbi güc və strateji diplomatiya ilə məhdudlaşmır, həm də zamanı düzgün idarə etmək bacarığında özünü göstərir.

Biz tarixi öz xeyrimizə çevirdik, regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar açdıq və bu uğurlar gələcək nəsillərə örnək olacaqdır. Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın hərbi zəfərlərini diplomatik qələbələrlə tamamlaması və ölkəmizin bütün istiqamətlər üzrə regional logistik mərkəzə çevrilməsinin parlaq göstəricisidir.

Beynəlxalq Sülh Günü ərəfəsində Parlamentimizdə sülh sazişinin müzakirəsi Azərbaycanın bəşəriyyətin ən böyük arzusu – sülhə sadiqliyini bir daha nümayiş etdirir.

Eşq olsun Ali Baş Komandan cənab İlham Əliyevə!
Diqqətinizə görə təşəkkür edirəm".