AKADEMİK ZİYAD SƏMƏDZADƏ-85 Ziyad Səmədzadə - Azərbaycan iqtisad elminin aparıcı yükünü daşıyan fenomenal alim – korifey

Hər bir fəaliyyət sahəsinin özünəməxsus xüsusiyyətləri və özəllikləri vardır. Amma, elmlə məşğul olmaq, elmin dərinliklərinə gedib çıxmaq və orada batmamaq hər bir alimin – tədqiqatçının işi deyildir. Akademik Ziyad Səmədzadə iki əsrin – XX və XXI əsrin aktual problemlərinin mahir bilicisi və hərtərəfli tədqiqatçısı kimi Azərbaycan iqtisad elminin önündə getməkdədir. Bu gün də belədir – Ziyad müəllim yorulmadan və ərinmədən çalışır, işləyir, tədqiqatlar aparır, publik şəkildə fikirlərini əsaslandırır, elmi cəmiyyətə çatdırır və rəsmi dairələrə təqdim edir.
Ziyad Səmədzadənin həyatı, keçdiyi ömür yolu, elmi-pedaqoji və siyasi fəaliyyəti zənginliyi və məzmun baxımından heç bir Azərbaycanlı iqtisadçı alimin göstəriciləri ilə müqayisə edilməz dərəcəyə gəlib çıxmışdır və bu dinamika uğurla davam etməkdədir. O, müxtəlif məsul dövlət vəzifələrində işləmiş, xidmətlər göstərmiş, ictimai-siyasi xadim kimi məhsuldar fəaliyyət nümayiş etdirmişdir və hazırda Milli Məclisin deputatı kimi yenə millətə və dövlətə yorulmadan xidmət göstərməkdədir.
Akademik Ziyad Səmədzadənin tərcümeyi-halını qısa hekayəyə çevirsək, qeyd edək ki, O,1940-cı ildə 25 iyunda Buzovna qəsəbəsində (Bakı şəhəri) anadan olmuşdur və iqtisadçı kimi ilk böyük uğuru 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat Fakültəsini fərqlənmə diplomu ilə bitirməsidir. O, gənc yaşlarından fəal şəkildə elmi-tədqiqatlara başlayıb və təsadüfi deyildir ki, 1971-ci ildə 31 yaşında iqtisad elmləri doktoru dərəcəsinə yiyələnib və 1977-ci ildə isə professor elmi adına layiq görülüb. 1980-ci ildə isə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü olmuş və 1989-cu ildə Akademiyanın həqiqi üzvü seçilmişdir.
Ziyad Səmədzadə 1976-1978-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direkturunun birinci müavini və 1978-1982-ci illərdə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru vəzifəsində çalışmışdır. 1983-1993-cü illərdə isə Azərbaycan Respublikası Mərkəzi Komitəsində İqtisadiyyat Şöbəsinin müdiri olmuşdur. Bunlarla bərabər Ziyad Səmədzadə AR Baş Nazirinin birinci müavini və Dövlət Plan İqtisad Komitəsinin sədri vəzifələrində də işləmişdir.
Akademik Ziyad Səmədzadənin elmi yaradıcılığı kifayət qədər zəngin və çoxşaxəlidir. Onun 40 kitab və monoqrafiyası işıq üzü görmüşdür. Eyni zamanda, 500-dən çox elmi əsəri vardır. Görkəmli alimin elmi yaradıcılığının əsasında fundamental nəzəri yanaşmalar və maksimum səmərəli praktiki məsələlər yer almışdır. Regional siyasətin aktual və mürəkkəb problemləri Akademikin elmi yaradıcılığında xüsusi diqqət mərkəzində olmuşdur. Hesab edirəm ki, Ziyad Səmədzadə Azərbaycan iqtisad elmində iqtisadi təhlükəsizlik problemlərinə və prioritetlərinə konseptual yanaşmalar baxımından alim-tədqiqatçı kimi öz möhürünü vurmuşdur. Neçə onilliklərdir ki, bu istiqamətdə aparılan tədqiqatlarda görkəmli alimə istinadlar olunur və ondan öyrənilir. Bunlarla yanaşı, dövlətimiz üçün xüsusi və strateji əhəmiyyət kəsb edən əhali məşğulluğu, demoqrafik proseslər və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi məsələləri onun elmi yaradıcılığının əsas tərkib elementlərindəndir.
Qeyd olunanlarla bərabər, fikrimizcə Ziyad Səmədzadənin Azərbaycan iqtisad elminə verdiyi zəngin elmi töhfələr içərisində “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyi xüsusi önəm kəsb edir. Bu beşcildlik, bizə görə müstəqil Azərbaycanımızın kompleks və sistemli, ciddi elmi arqumentlərə söykənmiş iqtisadi tarixinin tədqiqatı və iqtisadi fikir baxımından ən qiymətli əsərdir və faydalı elmi mənbədir. Beşinci cildin ayrıca olaraq Qarabağa həsr olunması isə müasir dövrümüzün iqtisadi prioritetlərinin və hədəflərinin görkəmli alimimizin baxışlarında və tədqiqatlarında xüsusi yerinin olmasının ifadəsi kimi qiymətləndirmək olar. O, bu cilddə qələbə ilə yazılan möhtəşəm tarixdən bəhrələnərək, Şuşa bəyannaməsinin strateji aspektlərini, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir infrastrukturun formalaşdırılması və inkişaf etdirilməsi proseslərini, regionun resurs potensialını, yaşıl enerji imkanlarını, əmək ehtiyatlarının xarakteristikasını, məskunlaşma və regional xüsusiyyətlərini, hər iki iqtisadi rayonun iqtisadi potensialını, işğaldan azad olunmuş ərazilərdə dövlət-özəl sektor əməkdaşlığının perspektivlərini ciddi elmi arqumentlərlə əsaslandıra bilmişdir.
Akademik Ziyad Səmədzadənin elmi fəaliyyəti və dövlət qarşısında xidmətləri yüksək qiymətə layiq görülmüşdür. Belə ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən akademik Ziyad Səmədzadə 2010-cu ildə “Şöhrət” ordeni, 2015-ci ildə “Şərəf” ordeni və 2020-ci ildə isə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Hazırda akademik Ziyad Səmədzadə Azərbaycan iqtisad elminin qarşısında duran ən mürəkkəb və problematik məsələlərə bir tərəfdən müdrik, digər tərəfdən isə tələb olunan elmi arqumentlərlə yanaşan və fikirlərini, təkliflərini dərindən əsaslandıran iqtisadçı – korifey kimi yorulmadan çalışmaqdadır. Biz də öz növbəmizdə Ziyad müəllimi 85 illik yubileyi münasibətilə təbrik edir və bundan sonra da ona sağlam ömür, elmi və ictimai-siyasi fəaliyyətində davamlı uğurlar arzulayırıq.
ŞƏFA ƏLİYEV,
Sumqayıt Dövlət Universitetinin “Biznesin idarə edilməsi”
kafedrasının professoru, iqtisad elmləri doktoru,
UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin Rəhbəri