Azərbaycan badmintonçusu “Algeria International 2019” turnirində finala vəsiqə qazanıb

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Əlcəzairdə keçirilən “Algeria International 2019” turnirində finala vəsiqə qazanıb.

Turnirdə ölkəmizi kişilərin şəxsi yarışında E.Dviçayo və Ezmi Qovımuramadhoni təmsil edirlər.

Mübarizəyə onaltıdabir final mərhələsindən başlayan badmintonçumuz E.Dviçayo ilk görüşündə hindistanlı Anant Şivam Jindalı məğlub edib. Növbəti mərhələdə Əlcəzair idmançısı Yousef Sabri Medel üzərində qələbə qazanan badmintonçumuz dörddəbir finalda türkiyəli Əmrə Laləni üstələyərək yarımfinala yüksəlib. E.Dviçayo yarımfinalda Mavriki təmsilçisi Georges Julien Paulu da mübarizədən kənarlaşdırıb. Təmsilçimiz finalda ispaniyalı Pablo Abianla qarşılaşacaq.

Digər idmançımız E.Qovımuramadhoni səkkizdəbir finalda fransalı Leo Rossiyə uduzaraq turnirdəki çıxışını dayandırıb.

Qeyd edək ki, turnirdə 36 kişi və 24 qadın badmintonçu iştirak edir.