Lev Eppelbaum - 60  

Müasir geofizika elminin ən parlaq nümayəndələri arasında görkəmli  yerlərdən birini tutan, geniş erudisiyali, olduqca əməksevər, elmi nailiyyətlərinə görə dünya şöhrəti qazanmış alim, həmyerlimiz Lev Eppelbaumun bu il 60 yaşı tamam olur. 

O, müxtəlif elmi metodologiyaları mənimsəməklə geoloji və geofiziki prosesləri hərtərəfli təhlil etmək bacarığına malik olan   görkəmli geofizik alim kimi dünyada məşhurdur. Bir çox sanballı beynəlxalq adlara  layiq görülmüşdür...

Lev Eppelbaum 1959-cu ildə Tbilisi şəhərində buruq-qazma mühəndisi və  ədəbiyyat müəllimi ailəsində anadan olmuşdur.

 Eppelbaumlar ailəsi 1964-cü ildə Azərbaycana köçmüşdür. Lev Bakıdakı 225 saylı orta məktəbi bitirdikdən sonra 1977-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun Geoloji Kəşfiyyat Fakültəsinin geofizika şöbəsinə daxil olur və 1982-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurur. L.Eppelbaum tələbəlik illərində yay təcrübələrini Azərbaycanda Böyük Qafqaz dağlarının Cənub yamaclarında Balakən - Zaqatala filiz rayonunda SSRİ Geologiya Nazirliyinin Mərkəzi Elmi Tədqiqat Geoloji Kəşfiyyat İnstitutunun (METGKİ) çöl partiyalarının tərkibində həyata keçirir. Elə həmin zaman bu istedadlı gəncdə geofizika elmini daha dərindən öyrənmək  yanğısı baş  qaldırır, filiz geologiyası və regional geofizika ilə bağlı həll olunmamış məsələlərə dair fikirlər formalaşır. Sonra Bakıda METGKİ-nın  Cənub şöbəsində   bir il işlədikdən sonra L.Eppelbaum elmi peşəkarlığının daha da artırılmasına ehtiyac duyur və elə Bakıda yerləşən məşhur Ümumittifaq elmi Tədqiqat Geofizika İnstitutunun Cənub şöbəsinə keçirilir. Bu gənc mütəxəssisin intensiv elmi və təşkilati fəaliyyətinin başlanqıc dövrü idi. O dövrdə Lev Eppelbaum Azərbaycanın qızıl yataqlarında geniş geofiziki tədqiqatlar aparmışdır.

 1989-cu ildə o geologiya-mineralogiya elmləri doktoru B.Xesinin rəhbərliyi  altında Gürcüstan Elmlər Akademiyasının Geofizika İnstitutunda “Dağ şəraitində mis-kolçedan filizi yataqlarının axtarışı və kəşfiyyatı üçün təbii geofiziki sahələrin interpretasiya metodlarının metodologiyasının işlənməsi”  mözusunda dissertasiya müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi elmi adını almışdır.

Lev Eppelbaum geofizika sahəsindəki elmi inkişafını intellektual sənət - şahmatla uğurla birləşdirirdi. Onun şahmata olan sevgisi məktəb skamyasından yaranmışdı. Bu illərdə o şahmatla fəal məşğul olub, həm Azərbaycanda, həm də xaricdə bir sıra mükafatlar qazanıb. Dəfələrlə Azərbaycanin  gənclər yığma komandasının tərkibində iştirak edib.

İnstitutda oxuyarkən L. Eppelbaum şahmat bölməsinə rəhbərlik edir və həm də "Molodyoj Azerbaydjana" qəzeti ilə əməkdaşlıq edirdi. O, 1983-cü ildə şahmat üzrə  Bakı çempionu olmuşdur.

1990-cı ilin dekabrında Lev Eppelbaum ailəsi ilə birlikdə İsrailə köçür, 1991-ci ilin iyununda Təl-Əviv Universitetinin Geofizika kafedrasında işləməyə başlayır. Elmi işini o müəllimlik fəaliyyəti ilə məharətlə uzlaşdırır.

Lev Eppelbaum 1991-1993-cü illərdə Təl-Əviv Universitetinin geofizika kafedrasında “Ölü Dənizin Transform hüdudlarında qravitasiya, maqnit və istilik sahələrinin analizi, interpretasiyası və modelləşdirilməsi” mövzusunda doktorluq işi hazırlamaq fəaliyyətində olur.Təl-Əviv Universitetinin müxtəlif planlı işlərinə  qoşulur, bir neçə elmi komissiyanın üzvü seçilir və Universitet sistemində bir sıra sahələrə rəhbərlik edir. 1998-ci ildə müsabiqə əsasında L.Eppelbaum aparıcı elmi işçi (baş mühazirəçi) vəzifəsinə seçilir, 2005-ci ildə professor vəzifəsinə keçir. Alim Təl-Əviv Universitetində potensial geofiziki sahələr, tətbiqi geofizika, arxeoloji geofizika, dəniz geofizikası üzrə xüsusi kurslar tədris edir.

Lev Eppelbaum beynəlxalq konfrans, seminar, simpoziumlar hazırlamaq və həyata keçirmək üçün çox böyük işlər görməklə bərabər, müxtəlif beynəlxalq elmi layihələrdə də iştirak edir. Bütün bu müddət ərzində o elmi işlərini çoxsaylı aspirant və  dissertantlara rəhbərlik etməklə həyata keçirir.

Lev Eppelbaumun elmi maraq dairəsi qeyri-adi dərəcədə genişdir.

Müasir dövrdə onun geofiziki sahələrin ümumi nəzəriyyəsi, geoloji və geofiziki materialların hərtərəfli şərh edilməsi, qrqvitasiya və maqnit sahələrinin üçölçülü modelləşdirilməsi, ətraf mühit və arxeoloji geofizika, seysmik təhlükələrin qiymətləndirilməsi və digər mövzularda yazdığı çoxsaylı elmi əsərləri aktualdır.
Son  dövrlərin ən mühüm nailiyyətlərindən biri, 260 - 280 milyon il yaşı olan Kiam paleomaqnit  hiperzonasına aid olan Şərqi Aralıq dənizindəki okean qabığının  nəhəng bir blokunun geoloji və geofiziki şərhinin müasir yanaşma və metodlarının kəşfi hesab edilə bilər. Bu, əvvəllər 180 milyon il  qabaq yaşanan okean qabığının bloklarının mövcudluğuna imkan verməyən klassik tektonika və geodinamik nəzəriyyəsinə əhəmiyyətli bir əlavədir.

Məşhur geofizik L.Eppelbaum Azərbaycana çox bağlıdır. Uzun illər boyu Azərbaycandan uzaqda yaşamaqla elmi fəaliyyətlə məşğul olmasına baxmayaraq, doğma yurda sevgi hissi onda daim yaşamaqdadır.

Uzun illər boyu İsraildə yaşasa da, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu ilə 1988-ci ildən yaranan əlaqə zaman keçdikcə daha da güclənmişdir.

Bu əməkdaşlığın nəticələrindən biri onun AMEA-nın əsas əməkdaşları Ak.Əlizadə, İ.Quliyev və F.Qədirovla birlikdə hazırladığı “Geosciences of Azerbaijan” adlı möhtəşəm ikicildliyin 2016-2017-ci illərdə Berlin-Nyu-York-Londonda  Şpringer nəşriyyatında ingilis dilində nəşridir.

Lev Eppelbaum dünya şöhrətli Azərbaycan geofizika məktəbinin şagirdi olduğundan qürur duyur, öz nitqlərində və elmi məqalələrdə  ölkənin zəngin geoloji - geofiziki  özəlliklərindən tez-tez nümunələr verir.

L.Eppelbaumun elmin və təhsilin inkişafına verdiyi  töhfələr yüksək qiymətləndirilmişdir. 2017-ci ildə o Rusiya Təbiət Elmləri Akademiyasının xarici  üzvü fəxri  adına layiq görülmüşdür.

Elə həmin ildə geodinamika və tektonika sahələrində apardığı tədqiqatlarının görkəmli nailiyyətlərinə görə o Rusiyada  “Elm və İncəsənət  Cəngavəri” fəxri adına layiq görülmüşdür.

 2018-ci ildə arxeoloji geofizika və ətraf mühitin geofizikası sahəsindəki nailiyyətlərinə görə “Ecoworld” beynəlxalq müsabiqəsinin təşkilat Komitəsi, Rusiya Təbiət Elmləri Akademiyası, Rusiya Federasiyasının Dövlət Duması Lev Eppelbaumu V. Vernadski adına qızıl medalla təltif etmişdi.

 2019-cu ildə potensial geofiziki sahələrin (maqnit, istilik və qravitasiya sahələri) qeyri-ənənəvi təhlili sahəsində uğurlarına və bu işlərin böyük  dünya əhəmiyyəti daşımasına görə L.Eppelbaum Avropa Yer Elmləri Cəmiyyətinin Xristian Huygens medalı ilə təltif edilmişdir.   Bu medal  indiyədək böyük elmi nailiyyətlər qazanmış cəmi 8 alimə; -1 fransalıya, 2 almaniyalıya, 3 ABŞ vətəndaşına, 1 kanadalıya və 1 ukraynalıya verilmişdir. Lev Eppelbaum aldığı medalın yarısını Azərbaycanınkı hesab edir – çünki o bir alim kimi  məhz burada formalaşmışdır. 

L.Eppelbaum  400-ə yaxın elmi əsərin; o cümlədən 9 kitabın, nəşr olunmuş  kitablarda 12 fəslin və  məşhur jurnallarda dərc olunmuş 150-dən çox məqalənin, konfranslarin əsərlərində çıxmış 70 işin və 150 elmi məruzələrin müəllifidir.  

L.Eppelbaum 15-dən çox beynəlxalq jurnalda redaktor və redaksiya heyətinin üzvü və 70-ə yaxın aparıcı jurnalda rəyçi rolunu oynayır. Bir sıra beynəlxalq elmi komissiyaların üzvüdür.

Hal-hazırda L.Eppelbaum İsraildə Təl-Əviv Universitetinin professorudur, geologiya və geofizika sahəsindəki innovativ tədqiqatlarla məşğuldur, yüksək peşəkarlıqla hazırlanmış məqalə və kitablarını dərc etdiririr və tətbiqi geofizika nəzəriyyəsi, geofiziki sahələrin modelləşdirilməsi və ekoloji geofizika ilə bağlı tələbələrin kurs və diplom işlərinə rəhbərlik edir.  Bu il Lev Eppelbaum şanlı yubileyini - 60 yaşını qeyd edir.

Biz də görkəmli həmyerlimiz, qürur duyduğumuz dünyaşöhrətli alim

Lev Eppelbaumu şanlı yubiley, anadan olmasının 60 illiyi münasibətilə ürəkdən təbrik edir, ona daha böyük elmi nailiyyətlər qazanmasını arzulayır,  möhkəm cansağlığı,  xoşbəxtlik və uzun ömür diləyirik.

         “Yer və insan “ jurnalının kollektivi