Şabalıd torbası     

(geoloqun xatirələri)

Ağamahmud Səmədov, Geoloq

Yaşlı nəslin yaddaşında qalmış olar...Ötən əsrin 70-ci illərinin sonlarında keçmiş SSRİ-də uşaq geyimindən tutmuş çoxişlənən mallara, məişət əşyalarınadək hər şey necə də qıt idi. Görkəmli Sovet komik aktyoru Arkadi Raykin bir parodiyasında dediyi kimi “difisit zəmanəsi”ndə yaşayırdıq. Təbii ki, bu qıtlıqdan bir qrup möhtəkirlər, fırıldaqçılar çox yaxşı faydalansa da, amma əksər insanlar əziyyət çəkirdilər. Bu səbəbdən SSRİ-nin demək olar ki, hər yerində əksər müəssisələrdə - zavod-fabriklərdə, kolxoz-sovxozlarda və digər sahələrdə xırda oğurluq baş alıb gedir və sanki bu hal bir növ “həyat norması”na çevrilmişdi.

 Elə həmin zamanlarda Balakən rayonunda, Böyük Qafqaz dağ silsiləsinin cənub yamaclarında  yerləşən və SSRİ Geologiya Nazirliyinin 10-cu Beşillik üzrə ən vacib obyektlərindən biri sayılan Filizçay yatağında gərgin geoloji kəşfiyyat işləri gedirdi.

Burada salınmış müasir qəsəbədə işçilər üçün o dövrə görə hər çür şərait yaradılmışdı; - kitabxana, mağaza, yeməkxana, çörək sexi, kinoklub, hamam və idman meydançası fəaliyyət göstərirdi. Filizçay geoloji kəşfiyyat partiyasının kollektivi çoxmillətli idi; burada respublikamızın müxtəlif yerlərindən olan mütəxəssislərlə yanaşı, SSRİ-nin bir sıra pespublikalarından, Şimali Qafqaz regionlarından gəlmiş mütəxəssislər də çalışırdı. Partiyanın bazasına hər gün yüksək keçidliyə malik olan iri maşınlarla ən müxtəlif yüklər gətirilirdi. Anbarda olan bir çox əşyalara heç mağazalarda rast gəlinmirdi. İşçilərin bəziləri anbardarla xoş münasibət yaratmağa çalışardı...

O ərəfədə Filizçay partiyasının rəisini yol verdiyi nöqsanlara görə  işdən çıxartdılar. Nədənsə hələ ki, yerinə adam təyin etmək ləngidilirdi. Yaranmış fürsətdən istifadə edən “diribaşlar” yaman fəallaşmışdılar. Elə hey eşidirdin ki, nəsə yoxa çıxdı... itdi...oğurlandı.

Filizçay yatağı  Zaqatala Dövlət Qoruğu ərazisində yerləşirdi. O vaxtkı Respublika Nazirlər Soveti  nəhəng ehtiyatlara malik olmaqla çox böyük  xalq təsərrüfatı  əhəmiyyəti daşımasını nəzərə alaraq Filizçay yatağı ərazisi və bitişik sahələri müvəqqəti olaraq Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri siyahısından çıxarmışdı. O zaman mən gənc geoloq idim, işimdən əlavə həm də qanunsuz ağackəsənlərlə, ovçularla ciddi mübarizə aparırdım. Qəzet və jurnallarda təbiəti mühafizə  məsələləri ilə bağlı yazılarım çıxırdı. Balakən rayonunda çap olunan  “Şən həyat” adlı qəzetdə “Təbiət və biz” adlı rubrika açdırmış və ekoloji maarifləndirmə işləri görürdüm. İmkanım daxilində əliəyrilərlə də mübarizə aparırdım. Nəticədə özümə xeyli düşmən qazanmışdım. Onu da deyim ki, bunu mənə heç kim nə tapşırmış, nə də həvalə eləmişdi. Sadəcə istəmirdim ki, vətəndaşı olduğum dövlətin malını ora-bura daşısınlar.

Burada bir haşiyə çıxım; o zaman heç ağlıma da gəlməzdi ki, fəxr etdiyimiz  Sovet dövləti yaradıldıqdan dərhal sonra vətəndaş müharibəsi, sonra siyasi repressiyalar zamanı milyonlarla  insanı məhv etmiş, bütöv xalqları ata-baba yurduna həsrət qoyaraq uzaq Qazaxistana, Özbəkistana və Sibirə sürgün etmiş, on milyonlarla adamı gözü yaşlı qoymuş və bəşər tarixinin ən qanlı savaşından qalib çıxmaqla bütün dünyaya meydan oxuyurmuş...Və bu nəhəng fövqəldövlət cəmi 20-25 ildən sonra süqut edəcəkdir!...

Bir gün Filizçay qəsəbəsindən  aralıda yerləşən partladıcı maddələr saxlanılan anbarının gözətçisi- olduqca səmimi, nəfsi-gözütox insan olan Kamil Dəlləyov mənə dedi ki,  ağac emalı  sexinin elektrik mühərrikini oğurlayıblar. Çox məyus oldum. Eşitdiyimə görə bu mühərrik nisbətən aztapılan idi. Təbii ki, xeyli ağırlığı olan  mühərriki adam təkbaşına o qədər də uzağa apara bilməzdi.Yəqin ki, hardasa yaxınlıqda gizlətmişdi.  Səhərisi  gün çöhrəsindən yüngül təbəssüm oxunan Kamil kişi mənə yaxınlaşanda hiss etdim ki, nəsə xoş bir hadisə baş verib.“Oğurlanan mühərriki tapmışam” dedi-“istəyirsən gedək göstərim”. Qəsəbədən xeyli aralıda, adı çəkilən   sexdən təxminən 300m məsafədə, 50 saylı mağaranın aşağısında ətraf landşaftda seçilən balaca bir təpəciyin yamacında iri bir  fıstıq ağacının altında gizlədilmişdi mühərrik və üstü də sukeçirməyən materialla örtülmüşdü ki, yağış islatmasın. Xeyli sevindik. İndi maraqlı idi ki, görəsən bu işi kim tutub. Kamil kişi:- mən əminliklə  deyə bilərəm ki, bu mexaniki sexdə mühəndis işləyən Vəlinin işidir. Əvvəla, onun əliəyri olmasını hamı bilir. Əlinə düşəni tanış sürücülərin vasitəsilə evinə aparır. Bu yaxınlarda bir nəfər yaxınına demişdi ki, ona  iritutumlu elektrik mühərriki lazımdır. Loqodexdən bir gürcü ona yaxşı pul təklif eləyib. Görünür Vəli mühərriki sexdən götürüb və onu Balakənə gedən maşına qoymağa imkanı olmadığına görə burada gizlərib ki, fürsət düşəndə  evə aparsın. Sabah o ekspedisiyadan gələn növbətçi maşınla  Filizçaya qalxmalıdır. Güman edirəm ki, o ilk növbədə mütləq gəlib “əmanətini” yoxlayacaq-dedi.

Kamil kişi təklif etdi ki, bəlkə biz oğrunu elə həmin anda tutaq. Yaxşı fikir idi. Oğru gəlib “qəniməti”nə baxış keçirən zaman ifşa edilər və bu da digərlərinə ciddi xəbərdarlıq olardı. Ekspedisiyadan maşının nə zaman gələcəyi isə bəlli deyildi. Qurduğumuz “əməliyyat planı” na  əsasən biz sübh tezdən mühərrik gizlədilən yerdən 60-80 m  aralıda, hər yer ovuc içi kimi görünən, ətrafı ot basmış ərazidə iri cökə ağacının altında uzanıb oğrunu səbirsizliklə gözləməliydik. Kamil kişi tüfəngi də özü ilə götürəcəkdi. Qorxma – dedi, başının üstündən atacağam. Danışdığımız kimi ertəsi gün obaşdan Kamil kişi ilə “əməliyyat yeri”ndə görüşürük .

Yerimizi rahatlayıb başladıq gözləməyə.

-  Kamil kişi, deyəsən tez gəlmişik axı. Hələ ekspedisiyadan gələcək  maşının izi-tozu yoxdur-dedim.

-  Yox, sən deyən elə də tez gəlməmişik. Adətən vəlikimilər sürücülərlə yaxın münasibət saxlayırlar. Maraqları olanda tez də gələ bilirlər. Məncə   birazdan təzə yolla gəlib bizdən bir qədər aralıdan keçərək Filizçaya gedəcəklər. Ola bilsin ki, Vəli “sexə dəyirəm” adı ilə maşından düşüb gələcək  öz qiymətli “qənimətini” yoluxmağa.

-  Bir şey məni çox düşündürür Kamil kişi... Mən Universitetdə oxuyarkən elə alındı ki, 3 il dalbadal geoloji təcrübəni Balakən dağlarında keçdim. Sonra təyinatla Qazaxıstanda 4 il işləyəndən sonra yenə buraya-Baş Qafqaz Ekspedisiyasına qayıtdım. Bilirsən məni buraya cəlb eləyən nə idi? İnsanların mənəvi dəyərlərə bağlılığı-doğruçuluq, ən vacibi isə oğurluq kimi  ağır qəbahətin burada yoxluğu olmuşdur. Azərbaycanın digər yerlərində görmədiyimiz hal- yüzlərlə insanın  cümə günü Balakən Məscidinə namaza gəlməsini və ibadətdən sonra mehriban  qardaşlar kimi ayrılmasını görəndə heyran olmuşdum. Balakən kəndlərində evlərin qapıları qıfıl tanımayır. Ötən il vertolyotla bir qrup insanla Dağıstandakı Qızıldərə yatağına baxmağa gedən zaman havada birdən yadıma düşdü ki, paltar və digər əşyalarım olan çantam ekspedieyadakı dayanacaqda- məşhur qoz ağacının altında qalıb. Axşam qaranlıqda qayıdan zaman çantanı yerində görəndə məəttəl qaldım və məndə bu insanlara hədsiz minnətdarlıq duyğuları baş qaldırdı. Ay Kamil kişi, Sizcə bəs insanlar ictimai əmlakı, dövlət malını nə üçün evə daşıyırlar? Məyər bu günah deyilmi?

-  Kamil kişi;- çətin sual verdin. Sən gəncsən, bəzi şeyləri hələ bilmirsən. İndi SSRİ-nin hər yerində daşıyırlar... kolxozdan, sovxozdan, zavoddan, elə geoloji partiyalardan da... Hünərin vardı Stalinin vaxtında edəydin belə işləri. Təbii ki, oğurluq harada olmasından asılı olmayaraq çox pis işdir - ağır günahdır və bunu edənlər də elə çox deyillər - demişdi ki, aşağıdan gələn  QAZ-66 markalı maşının uğultusu eşidildi. Maşın gözətçi köşkünün yanında dayanmadan döngəni burularaq Filizçaya tərəf şütüdü. Banda 5-6 adam görünürdü.

-  Kamil kişi: görünür Vəli kimdənsə ehtiyat edərək maşından düşmədi və qəsəbəyə getdi. Çantasını evə qoyandan sonra mexaniki sexə gəlməlidir. Yəqin onda bizə pənah  gətirəcək-dedi.

Bir xeyli gözləməli olduq. Nəhayət qəsəbədən  bizə tərəf gələn maşının səsi eşidildi. Biz tutduğumuz yerdə hazır vəziyyət aldıq. Maşın bizdən 250-300 m aralına yerləşən sexin qabağında dayandı və işçilər düşdülər. Təsəvvürümüzün  əksinə olaraq Vəli bizim tərəfə gəlmədi. Çox narahat olduq. Vəziyyətdən daha çox məyus olan Kamil kişi dedi:

-  Gecə  gördüyüm yuxu çin oldu. Yuxuda gördüm ki, bağdan bir kisə şabalıd aparıram evə... Çatanda baxıram ki, kisə deşik imiş,  şabalıdlar yol boyu səpələnib,  azacıq şey qalıb... Günah məndədir. Bizim səninlə bu tədbirimiz barədə axşam mən çay içən zaman baş mexanikə danışmışdım. Görünür o  da səhər öz işçisi olan Vəliyə bunu xəbər verib ki, ilişməsin. Cırıq şabalıd  torbası sən demə mexanikin ağzı imiş.

 

Müəllifdən: Bu yaxınlarda öyrəndim ki, yazının qəhrəmanı Kamil kişi 88     yaşında Balakən rayonunun Katex kəndində yaşayır.

Yazıda elektrik mühərriki oğrusunun adı isə etik baxımdan   dəyişdirilmişdir.