ANAMA: Ağcabədidə bir ədəd PQ-7V raketi zərərsizləşdirilib

Noyabrın 24-də saat 12:03-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA)

Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan  bildirilib ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağcabədi rayon Polis şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd PQ-7V raketi aşkar olunaraq zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin ətrafında 3 000 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən noyabrın 24-dək 237 siqnal (əməliyyat çağırışı) əsasında 205 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Bərdə, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Xocavənd, Kürdəmir, Qazax, Quba, Lənkəran, Oğuz, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Ucar, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 12 ev və həyətyanı sahəyə, təmas xəttinə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 1 929 ədəd partlamamış hərbi sursat (PHS), 28 717 ədəd müxtəlif çaplı patron, 12 ədəd piyada əleyhinə mina, 26 ədəd tank əleyhinə mina və 41 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilərək 173 870 kvadratmetr ərazi yerüstü və 13 957 kvadratmetr ərazi yeraltı yoxlanılıb.