Nurməhəmmədov-Ferqyuson döyüşünün tarixi açıqlandı

Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyasında yüngül çəki üzrə kəmər sahibi Həbib Nurməhəmmədovun növbəti görüşünün tarixi bəlli olub.

 31 yaşlı rusiyalı idmançının amerikalı Toni Ferqyusonla döyüşü 2020-ci il aprelin 18-də baş tutacaq.

Bu barədə H.Nurməhəmmədovun meneceri Əli Abdeləzizi özünün "Twitter" səhifəsində yazıb.

O, "Qartal Bruklinə eniş edəcək" kimi paylaşım da qeyd edib.

 
Nurməhəmmədov ötən ay Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə amerikalı Dastin Puaryeni məğlub edərək ikinci dəfə çempion titulunu qoruyub.

Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. Otuz beş yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.