Bakının Baş planı üzrə qurumlararası müzakirələr Strateji sessiya formatında aparılır

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli müvafiq Sərəncamına əsasən Bakı şəhərinin Baş planının hazırlanması üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təşkil olunmuş prosesin 2-ci mərhələsi çərçivəsində işlər planlaşdırılmış qrafikə uyğun davam etdirilir.

Komitənin mətbuat xidmətindən bildirilib ki, noyabrın 26-da komitə tərəfindən Baş plan üzərində işin əlaqələndirilməsi məqsədilə formalaşdırılmış qurumlarası İşçi qrupun 2-günlük Strateji sessiya formatında növbəti iclası başlayıb. Noyabrın 27-dək davam edəcək və bir çox nazirliklərin, dövlət komitələrinin, aidiyyəti qurumların həm rəhbərlik, həm də ekspert səviyyəsində, habelə beynəlxalq və yerli mütəxəssislərin, ictimai xadimlərin qatılacağı Strateji sessiyada Baş planın hazırlanması ilə bağlı görülmüş işlərin, irəli sürülmüş təşəbbüslərin yekun müzakirəsi aparılacaq, müəyyən olunmuş əsas şəhərsalma yanaşmaları razılaşdırılacaq.

Strateji sessiyanın ilk günündə beynəlxalq məsləhətçi şirkətləri və müstəqil yerli ekspertlər tərəfindən Bakı şəhərinin inkişafı konsepsiyasında nəzərdə tutulmuş 4 prioritet çərçivəsində şəhər planlaması üzrə təklif edilən baxışlar təqdim ediləcək. Müzakirələr paralel panel iclaslar formatında “Paytaxtın perspektiv inkişaf sahələri”, “Əlverişli mühəndis kommunikasiyaları infrastrukturu və dayanıqlı ekologiya”, “Şəhər əhalisinin mobilliyini təmin edən ictimai nəqliyyat şəbəkələri və onların inteqrasiyası”, habelə “Müasir şəhər iqtisadiyyatı” mövzularında aparılacaq.

Şəhərsalma mütəxəssisləri çoxmərkəzli şəhər nüvəsinin yaradılması, tarixi memarlıq irsinin qorunması, alternativ enerji mənbələri, ekologiyanın yaxşılaşdırılması, Bakının inkişafı üçün yüksək potensiala malik iqtisadi klasterlərin formalaşdırılması və inteqrasiya edilmiş hərəkətliliyin təmini ilə bağlı yekun fikirlərini səsləndirəcəklər.

Eyni zamanda, Bakı şəhərinin Baş planının reallaşdırılmasında təkanverici qüvvə rolunu oynayacaq, şəhərin qısa və uzunmüddətli perspektivdə davamlı və sistemli inkişafına xidmət edəcək strateji layihələrin müzakirəsi də nəzərdə tutulur. Layihələr Baş planın reallaşdırılmasında oynayacaqları strateji əhəmiyyəti və investisiya cəlbediciliyi baxımından qiymətləndiriləcək.

Noyabr 27-də davam edəcək Strateji sessiyanın növbəti ikinci günü müstəqil ekspertlərlə aparılmış müzakirələrin nəticəsi olaraq Baş planın nəzərdən keçirilmiş əsas şəhərsalma yanaşmalarının, çağırışların mümkün həlli yollarının və strateji layihələrin seçilmiş portfelinin təqdimatı keçiriləcək, məsələlərə dair yekun təklif və rəylər dinləniləcək.

Komitə tərəfindən İşçi qrupun ilk iclası cari ilin iyununda baş tutub və fəaliyyəti Baş planın hazırlanması üzrə davam etdirilən işlərin səmərəliliyinin artırılması, dövlət qurumları arasında bununla bağlı məlumat mübadiləsinin təşkili, şəhərin gələcək inkişafı üçün aparılan genişmiqyaslı planlaşdırma işlərində vahid yanaşmaya uyğun olaraq səylərin birləşdirilməsini əhatə edir. İşçi qrupun iyun-oktyabr ayları ərzində 3 geniş tərkibli iclası keçirilib. Bununla yanaşı, xüsusi mövzuların müzakirəsi üçün müxtəlif dövlət orqanlarının rəsmilərilə 70-ə yaxın ikitərəfli görüş təşkil olunub.

Görüşlərdə Baş planın Bakı şəhərinin gələcək inkişaf konsepsiyasına uyğun hazırlanması və strateji əhəmiyyət daşıyan layihələrin detallı müzakirəsi təmin edilərək, geniş fikir mübadiləsi aparılıb.