Xaçmazın bu kəndini üfunət bürüyüb

Xaçmaz rayonunun Armudpadar kəndində yığılıb qalan zibillər natəmizlik yaradıb.

1000-dən çox əhalisi olan bu kənddə bütün sakinlər, demək olar ki, məişət tullantılarını eyni ünvana atır.

Bu da anti-sanitar vəziyyət yaradıb, pis qoxudan və zibil əlindən həmin ərazidən keçmək mümkün deyil.

 
Sakinlər bildirir ki, bu halın yaranmasına səbəb məişət tullantıları üçün qutuların olmaması, eləcə də, zibilin vaxtında təmizlənməməsidir.

Məsələ ilə bağlı aidiyyəti orqan olan kənd bələdiyyəsinə üz tutuq. İş saatı olmasına baxmayaraq, idarədə heç kim yox idi. Telefon bağlantısı ilə bələdiyyə sədrinə suallarımızı ünvanladıq.

Sən demə, bələdiyyə sədri zibilliyin olmasından xəbərsizdir. Amma uzun sürən danışıqdan sonra, nəhayət ki, bələdiyyə sədri Təvəkkül Həsənovu ərazidə zibilliyin olduğuna inandıra bildik. O bildirdi ki, “sabah əraziyə baxış keçiriləcək və qısa müddətdə problem həllini tapacaq”. 

Məsələni diqqətdə saxlayacağıq.oxu.az