Qubada evdən oğurluq edən şəxs saxlanılıb

Quba rayonunun Zizik kəndi ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən məişət əşyaları və avadanlıqları oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən xəbərə görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun həmin kəndin sakini Zülfüqar Bayramov olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayəti etiraf edərək, evə gecə saatlarında qanunsuz olaraq daxil olduğunu, oradan oğurladığı məişət əşyalarının və avadanlıqların bir qismini yaşadığı evdə saxladığını, digər bir qismini isə dəyərindən ucuz qiymətə satdığını bildirib.

 
Polis əməkdaşları tərəfindən Z.Bayramovun evində saxladığı, eləcə də satdığı əşya və avadanlıqların yeri müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb.

Faktla əlaqədar Quba RPŞ-də cinayət işi açılıb. Bu şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.