Sükan arxasında neçə saat oturmaq olar? – Yollardakı yuxulu sürücü təhlükəsi – VİDEO

Yol nəqliyyat hadisələrində, sürücülərin yuxulaması ucbatından baş verən qəzalar kifayət qədərdir. Araşdırmalar göstərir ki, elə hallar olub ki, sürücülər 14-15 saata qədər sükan arxasında olub və həmin sürücünün yuxulaması da sonda ağır nəticələrə səbəb olub.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.

Ölkədə sərnişin və yük daşımalarla bağlı Nazirlər Kabinetinin təsdir etdiyi norma və qaydalar olsa da, bu mexanizmə əməl edən demək olar ki, yoxdur. Hökümətin tətbiq etdiyi qaydalara görə, sürücülərin həftəlik iş vaxtı, iş zamanı yolda istirahət vaxtı müəyyən edilib.

Ərşad Hüseynov – Ekspert: “Orta hesabla sürücü 8 saatdan artıq gün ərzində avtomobil idarə etməməlidir. Uzaq başı 4 saatdan bir yarım saat çəkən fasilə etməlidir. Hətta qərarda göstərilir ki, yaxşı olar ki, iki saatdan bir qısa müddətli fasilələr olsun”.

Sürücü: “Yolda çəkib kənara yatıram”.

Sürücü: “İki saat sürürəm, sonra işıqlı park yeri olan yerdə kənara çəkib yatıram”.

Mütəxəssislər deyir ki, qəzaların araşdırlması zamanı bəlli olur ki, bu qaydaları daha çox, şəxsi və qanunsuz yük və sərnişindaşıma ilə məşğul olanlar pozur.

Elməddin Muradlı – Ekspert: “Gün ərzində bir iki və bəzən görürürsüz daha çox reys etməyə çalışırlar. Deyək ki, iki reys normadırsa, onlar 4 reys etməyə çalışırlar ki, daha artıq qazansınlar. Siz artıq hiss edirsiniz ki, yuxu sizi karıxdırır, mütləq maşını bir yerdə saxlamaq və yaxud da ən gözəli magistral yollardasınızsa, yaxınlıqdakı stasionar postda istirahət edə bilərsiniz”.

Dəfələrlə yol polisi sürücülərə müraciət edərək, onlardan yuxulu olduğu halda, yaxınlıqdakı DYP postlarında istirahət etməyə çağırıb. Amma görünən odur ki, şərait olsa da, bu sürücülərin maraq dairəsində deyil.

Bakir Həsənov – Baş İnspektor: “Əl-üz yumaq üçün də bütün şərait var. Sürücülərin ən azı 3 saat istirahət etməsi üçün otaq da nəzərdə tutulub. Sürücülərin yorğun olduqlarını hiss ediriksə, otağa dəvət edirik”.

Yuxu şirindir, amma yollarda, sükan arxasındakı  yuxunun sonrası acı, faciəli oyanışı ola bilər. Ünvana heç çata bilməməkdənsə, gec çatmağı daha məqbuldu. Çünki hər bir sürücü və sərnişinin gözü yolda olanı var.