Cərimə protokolu bir günə elektron kabinetdə yerləşdiriləcək
Yol polisinin tətbiq etdiyi protokol bir günə elektron kabinetdə yerləşdiriləcək.
Bu məsələ Prezident İlham Əliyevin ötən gün imzaladığı "ASAN ödəniş" sistemi haqqında Əsasnamə"yə dəyişiklik edilməsi haqqında Fərmanda əksini tapıb.
Elektron qaydada qeydə alınan xətalar barədə məlumatlar 1 gün ərzində həmin kabinetə yerləşdirilmədikdə sürücünü məsuliyyətə cəlb etmək qanunsuzdur.
Qeyd edək ki, əvvəllər bu müddət 1 ay olub.
"ASAN ödəniş" sistemi haqqında Əsasnamə"yə dəyişiklik edilməsi haqqında Fərmanda əksini tapan digər bir məsələ isə "ASAN ödəniş"sistemi operatorunun funksiyalarının artırılması ilə bağlıdır. Dəyişikliyə əsasən nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi barədə elektron talon sistem istifadəçisinin elektron kabinetinə yerləşdirilməli və bu barədə mobil telefon nömrəsinə və elektron ünvanına məlumat göndərilməlidir.
Qeyd edək ki, "ASAN ödəniş" sistemi operatoru Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki İnnovasiyalar Mərkəzidir.

