Azərbaycan Texniki Universitetinin 2 vəzifəli şəxsi işdən çıxarıldı

Azərbaycan Texniki Universitetinin (AzTU) iki vəzifəli şəxsi vəzifəsindən azad edilib.

Bu barədə Trend-ə universitetin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova məlumat verib.

O bildirib ki, rektorun əmri ilə AzTU-nun Tədris hissəsinin müdiri İmran Yolçuyev səriştəsiz fəaliyyətinə və işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Həmin vəzifəyə pedaqogika üzrə fəlsəfə doktoru Qəmər İsayeva təyin olunub. O, bundan əvvəl Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tədris hissəsinin planlaşdırma və proqnozlaşdırma bölməsinin müdiri vəzifəsində çalışıb.


S.İsgəndərova qeyd edib ki, universitetin Xüsusi texnika və texnologiya fakültəsinin dekanı Ramiz Hüseynov isə bu ilin noyabrında vəzifəsindən azad edib: "R. Hüseynov universitet tələbələrinə xüsusi geyim formaları almasını məcbur edib. O, həmçinin tələbələrə bu formaları özünün tanıdığı şəxsdən almağı tələb edib. Tələbələrin şikayəti əsasında R. Hüseynova universitet rəhbərliyi tərəfindən dəfələrlə xəbərdarlıq olunsa da, o, bu xəbərdarlığa məhəl qoymayıb. Nəticədə R. Hüseynov vəzifəsindən azad edilib.