Coğrafiya İnstitutu: Torpaq sürüşməsinə antropogen amillər səbəb olub

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Geomorfologiya və təbii risklər şöbəsinin əməkdaşları – coğrafiya üzrə fəlsəfə doktorları Rəfail Abdullayev və dosent Sitarə Tarixazər Bayıl ərazisində baş vermiş sürüşmə zonasında olublar.

İnstitutdan  bildirilib ki, əməkdaşlar Bayıl yolunun Badamdar qəsəbəsinin 1,1 kilometrliyində (400 19I 56 II N-şimal enliyi; 490 48I 40II E-şərq uzunluğu) baş vermiş torpaq sürüşməsinin yolu tam bağladığını müşahidə ediblər. Onlar sürüşmə kütləsinin böyüklüyünü və onun 80-85 metr enində olan bir hissəsinin 100-120 metr uzunluqda yerdəyişməyə məruz qaldığını xüsusi qeyd ediblər.

Tədqiqatçılar bildirirlər ki, Badamdar-Bayıl yolu hələ çar Rusiyası dövründən neft mədənlərində istifadə olunan ağır texnikanın hərəkətini təmin edib. Son vaxtlar yolətrafı qruntda yaranmış aktivlik tam şəkildə antropogen təsirin nəticəsidir. Ərazinin intensiv mənimsənilməsi, tikinti normativlərinə əməl edilməməsi, sürüşmə zonasının həddən artıq yüklənməsi, kanalizasiya xətlərinin olmaması, yeni yolların salınmasında buraxılmış səhvlər və s. ümumu tarazlığın pozulmasına və ərazidə sürüşməyə meyilli kütlənin aktivləşməsinə gətirib çıxarıb. Belə aktivləşmədə təbii amillərin təsiri (atmosfer yağıntılarının miqdarı, qrunt sularının səviyyə artımı və s.) daha az ehtimal olunur.