Akademik Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur
Yanvarın 14-də görkəmli neftçi alim və geoloq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, iki dəfə respublika Dövlət Mükafatı və Heydər Əliyev Mükafatı laureatı, "İstiqlal", “Şərəf” və “Şöhrət” ordenli, akademik Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur.
Akademik Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub. 1947-ci ildə orta məktəbi bitirib və M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Geoloji-kəşfiyyat fakültəsinə daxil olub.
Alim əmək fəaliyyətinə SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı ”Dövlətxüsusineftlayihə” kontorunda başlayıb, daha sonra “Dənizneft” Birliyində işə qəbul edilib, burada böyük mühəndis və bölmə rəisi vəzifələrində çalışıb. O, 1954-cü ilin mart ayında ”Gürganneft” trestinin (indiki ”Neft Daşları”) birinci mədəninin böyük geoloqu təyin edilib.
Xoşbəxt Yusifzadə 1958-1959-cu illərdə “Neft Daşları” Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959-1960-cı illərdə həmin sexin rəisi işləyib. Geoloq alim 1970-1992-ci illərdə “Xəzər dəniz neft” Birliyinin, Ümumittifaq “Xəzər dəniz neft qaz sənaye” Birliyinin və "Xəzər dəniz neft” İstehsalat Birliyinin baş direktorunun müavini – baş geoloq vəzifələrində çalışıb.
O, 1992-1994-cü illərdə “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ-nin prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti kimi fəaliyyət göstərib. 2004-cü ildən ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentidir.
Neftçi alim 1960-cı ildə “Neft quyularının və laylarının tədqiq edilməsi və Neft Daşları yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını, 1987-ci ildə Moskvanın Yanar Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda “Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcəsini alıb. O, 2005-ci ildə professor elmi adına layiq görülüb. 2007-ci ildən AMEA-nın həqiqi üzvüdür.
X.Yusifzadənin bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf edilib və istismara verilib. 1988-ci ildən xarici şirkətlərlə birgə aparılan işlərdə, o cümlədən “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsində, “Əşrəfi”, “Qarabağ”, “Şahdəniz”, “Abşeron” yataqlarının, eləcə də 2010-cu ildə ARDNŞ-nin “Ümid” yatağının kəşf edilməsində alimin əvəzsiz rolu olub. Onun elmi araşdırmaları neft və qaz-kondensat yataqlarının kəşfi və işlənməsində qarşıya çıxan problemlərin həllinə böyük töhfə verib.
Alimin rəhbərliyi və iştirakı ilə dəniz neft-qaz yataqlarının işlənilməsinin nəzəri əsasları hazırlanıb və həyata keçirilib. Onun elmi fəaliyyəti sahə elmi-tədqiqat və layihə təşkilatları, Azərbaycan Milli Elmlər Akademiyasının institutları ilə bağlı olub, birgə tədqiqatların nəticələri istehsalatda müvəffəqiyyətlə tətbiq edilib.
Akademik X.Yusifzadə Azərbaycanda və Xəzər dənizində neft və qazçıxarmanın inkişafına verdiyi böyük töhfələrə görə bir sıra yüksək dövlət mükafatları və fəxri adlara layiq görülüb. O, 2000-ci ildə “İstiqlal”, 2004-cü ildə “Şöhrət”, 2010-cu ildə “Şərəf” ordenləri, 2017-ci ildə 1-ci dərəcəli “Əmək” ordeni, 2018-ci ildə Nizami Gəncəvi adına qızıl medal, 2019-cu ildə Heydər Əliyev mükafatı ilə təltif edilib.
Neft hasilatında nanotexnologiyaların inkişaf etdirilməsi və tətbiqi sahəsində xidmətlərinə görə 2010-cu ildə X.Yusifzadə ARDNŞ-nin bir qrup mütəxəssisi ilə birlikdə UNESCO-nun xüsusi medalı ilə təltif olunub, onun adı bu beynəlxalq təşkilatın ensiklopediyasına daxil edilib.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının qərarı ilə türk dünyasının elm, təhsil və iqtisadiyyatı sahəsində əvəzsiz xidmətlərinə görə alim 2008-ci ildə bu akademiyanın beynəlxalq “Qızıl Ulduz Medalı” ilə təltif edilib, “İlin alimi” elan olunub, 2011-ci ildə isə “Türk Dünyasının Fəxri Alimi” adına layiq görülüb.
Azərbaycanın görkəmli neftçi-geoloq alimini 90 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.