İdarə rəisi korrupsiya cinayətləri ilə bağlı HESABAT VERDİ

2019-ci il ərzində Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 497 şəxs barəsində 310 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Yerveinsan.az xəbər verir ki, bu barədə Baş Prokurorun müavini, idarə rəisi Kamran Əliyev məlumat verib.

O bildirib ki, həmin cinayət işlərindən 101 şəxs barəsində 59 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 69 şəxs barəsində 55 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 36 şəxs barəsində 18 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 52 şəxs barəsində 20 iş rüşvət alma (passiv rüşvətxorluq), 68 şəxs barəsində 43 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.

Hesabat dövrü ərzində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma faktları üzrə 7 cinayət işinin istintaqı tamamlanıb, hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması barədə 3 cinayət işi üzrə 3 hüquqi şəxs barədə qərar qəbul olunaraq, hüquqi şəxslər və onların rəhbərliyi məhkəmə məsuliyyətinə verilib.

Eləcə də, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsində dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında" 08 oktyabr 2018-ci il tarixli Fərmanın icrası ilə əlaqədar görülən işlər çərçivəsində Baş İdarə tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərin Vahid İnformasiya Bazasının proqram təminatı və istifadə qaydalarına dair təlimatın hazırlanması təmin edilib. Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83.2 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 21.8 milyon manatın ödənilməsi təmin edilib, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 40.3 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 74.7 %-nin ödənilməsi təmin edilib.