Xoşbəxt Yusifzadənin “elektriçka” əhvalatı: “Bəxtiyar sağ olsaydı, deyəcəkdi evi qaytar”

Görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə həyatı ilə bağlı maraqlı əhvalat danışıb.

Həmin əhvalatı təqdim edirik:

“Mən evlənmişəm, Neft Daşlarında işləyirəm. Amma xanımım kənddədir, şəhərə gedir-gəlir, özü də o vaxt yollar Pirşağıda bir kökdəydi. Heç gedib-gəlmək olmurdu. Gördüm bu yazıq lap əziyyət çəkir. Bəxtiyar Məmmədov idarədə mənim rəisim idi. Ona bir ərizə yazdım. Dedim ki, Bəxtiyar Mamedoviç, ya Pirşağıya “elektriçka” çəkdir, ya da mənə ev ver. O, əvvəl bir az gözümün içinə baxdı: nə danışırsan, nə yazmısan? Dedim, yazmışam da, bax. Sonra bir az fikirləşib dedi ki, “elektriçka” çəkdirə bilmərəm, amma sənə ev verərəm. İndi o gün cənab İlham Əliyev Pirşağıya “elektriçka” ilə gəldi. Mən gördüm bu “elektriçka”nı, ay Xoşbəxt, 60 ildən sonra sənin elektriçkan gəldi Pirşağıya. İndi Bəxtiyar sağ olsaydı, deyəcəkdi evi qaytar. “Elektriçka” gəldi evi neyləyirsən?”//Aztv.az