Kitabxana gənc rəssam müsabiqəsində uğurla iştirak etdi
Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Moskvada keçirilən uşaq rəsm müsabiqəsinə 8 rəsm əsəri təqdim etmişdir. Müsabiqəyə 5 aprel tarixində yekun vurulmuş və qaliblər müəyyən edilmişdir.
Bu gün, 2 may tarixində M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasında müsabiqədə qalib gəlmiş gənc rəssamlarla görüş keçirildi. Görüşü giriş sözü ilə Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova açaraq qeyd etdi ki, 1943-cü ildən başlayaraq hər ilin mart ayının sonunda Moskvada keçirilən bu müsabiqə artıq ənənəyə çevrilmişdir. 2019-cu ilin yazıçı-yubilyarların əsərlərinə çəkilmiş 400-dən çox rəsm müsabiqəyə təqdim edilmişdir. Müsabiqədə Rusiya Federasiyası ilə yanaşı, Azərbaycan, Belarus, Qazaxıstan və Qırğızıstanın gənc rəssamları iştirak etmişdir. Mən Moskvada olan zaman müsabiqənin nəticələrini öyrəndim və bu məni çox sevindirdi. Yasamal rayon MKS-i tərəfindən müsabiqəyə təqdim olunmuş 8 rəsmdən dördü münsiflər heyəti tərəfindən ən yaxşı rəsmlər siyahısına daxil edilərək albomda nəşr olunmuşdur. Albomda cəmi 66 rəsm nəşr olunmuşdur. Aleksandr Belyayevin “Amfibiya adam” əsərinə Rauf Məmmədovun çəkdiyi rəsm 1-ci yerə layiq görülmüş və ona elektron kitab hədiyyə edilmişdir.
Tədbirdə Rauf Məmmədov çıxış edərək bildirmişdir ki, o ilk dəfədir bu cür nüfuzlu müsabiqədə iştirak edir və kitabxanaya minnətdarlığını bildirmişdir. Rəsm dərnəyinin müəllimi Nərmin Bəhmənova tədbirdə böyük ruh yüksəkliyi ilə çıxış edərək bildirdi ki, gənc rəssamların qələbəsi Azərbaycanda olan bütün yaradıcı uşaqlara verilən yüksək qiymətdir, bu qələbə gənc rəssamları daha da ruhlandıracaq.
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin kitabxanasının müdiri Zenfira Əliyeva çıxışında bu cür müsabiqələrdə Azərbaycan uşaqlarının iştirak etməsinin vacibliyini bildirdi və nəvəsi Sofiya Nəbiyevanın müsabiqəyə cəlb edildiyinə görə kitabxanaya minnətdarlığını bildirdi. O, tədbir iştirakçılarına ulu öndər Heydər Əliyevə həsr etdiyi “Tak dumayu ne ya odna” şeirini söylədi.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxana tərəfindən müsabiqədə iştirak edən uşaqlara Çingiz Abdullayevin “Eramızın əzəlində sui-qəsd” və Kurt Davidin “Çingiz xan” kitabları hədiyyə olundu.

