Dünya birliyi Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i heç bir halda tanımadığını bəyan etdi

 

Otuza yaxın dövlət və beynəlxalq təşkilat Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər”lə bağlı mövqe bildirib.

AZƏRTAC xəbər verir ki, həmin dövlətlər və təşkilatlar, o cümlədən ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, NATO, ATƏT Parlament Assambleyası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, GUAM seçkilərin qeyri-qanuni və qeyri-legitim hesab olunduğunu bildirdilər.

Dünya birliyi bəyan etdi ki, seçkiləri heç bir halda tanımır. Bu qondarma “seçkilər” Dağlıq Qarabağ münaqişəsinin həllinin nəticələrini müəyyən edə bilməz. Hətta Kanada və Avstraliya kimi dövlətlər mövqe ifadə edərək “seçkilər”i tanımamaqla bərabər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. Bununla da Ermənistanın növbəti seçki şousu yenidən iflas oldu.