Parkın direktoru 5 min manat məbləğində cərimə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri Nəsimi adına mədəniyyət və istirahət parkının ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan məlumatı nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıblar.

Nazirliyin mətbuat xidmətindən  bildiriblər ki, əraziyə keçirilən baxış zamanı tikinti məqsədilə sahədəki 30 tingin icazəsiz başqa əraziyə köçürüldüyü müəyyən edilib.

Faktla bağlı əraziyə məsul şəxs, parkın direktoru Orxan Bədəlov 5 min manat məbləğində cərimə olunub.

Əraziyə yenidən ağac tingləri əkilib və onlara aqrotexniki xidmətin göstərilməsi üçün parkın direktoruna məcburi göstəriş verilib.

Qeyd edək ki, ötən il dekabrın 29-da da həmin ərazidə ağacların kəsildiyi və təbiətə 8520 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdi

Ağackəsənlər indiyədək müəyyən edilmədiyindən Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edilib