Elm Tarixi İnstitutunun əməkdaşlar ı fəaliyyətlərini onlayn rejimə uyğunlaşdırıblar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) əməkdaşları ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar öz fəaliyyətlərini onlayn rejimə uyğunlaşdırıblar.

Elm Tarixi İnstitutundan bildirilib ki, koronavirus pandemiyası səbəbindən verilən məzuniyyət dövründə tədqiqat işlərini ev şəraitində davam etdirən institut əməkdaşları müxtəlif mövzularda kitab və məqalələrin hazırlanması ilə yanaşı, onlayn seminar və konfranslara da qatılıblar.

Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli “Azərbaycanda tibbi biliklərin tarixi” mövzusunda işlədiyi kitab üzərində işləyir.

Karantin günlərində İnstitut direktoru Rusiya Elmlər Akademiyasının (REA) S.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun 2020-ci il üzrə onlayn keçirilən illik konfransında “Sovet dövrü Azərbaycan tibb alimlərinin tarixi – elmi bioqrafiyalarının hazırlanması” adlı məruzə ilə iştirak edib. Məruzə konfransın materiallarında nəşr ediləcək.

Məryəm Seyidbəyli mayın 31-də İtaliyada “Elm və texnologiya tarixi” mövzusunda onlayn keçiriləcək 26-cı Beynəlxalq elmi konfransa “N.Tusininin “Risale at tibb” adlı məqaləsinin xülasəsini təqdim edib.

İnstitutun Elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “Amerika-Türkiyə münasibətlərində erməni soyqırımı” mövzusunda hazırladığı kitabın tədqiqat işləri ilə məşğuldur.

Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov isə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə elm və təhsilin inkişafı” adlı plan işini yazaraq başa çatdırıb.

Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev də öz növbəsində “Azərbaycan tarixinin farsdilli qaynaqları” və “Orxon abidələri: qrammatika, transliterasiya, uyğunlaşdırma, qeyd və şərhlər” mövzusunda yeni araşdırma işinə başlayıb, bir neçə məqaləsini çapa təqdim edib. Gənc alim, həmçinin türkologiyaya həsr olunan onlayn seminarda da iştirak edərək, “Kitabi-Dədəm Qorqudun araşdırılma tarixindən” mövzusunda məruzə ilə çıxış edib.

Elmi işçilərdən – Aybəniz Osmanova “Azərbaycanda riyaziyyat elminin tarixi”, Vahab Fətəliyev isə “Persiya istilahı qədim və orta əsr mənbələrində” mövzularında başladıqları kitablarla bağlı çalışmalarını davam etdirirlər.

Qeyd edək ki, hazırda İnstitutun əməkdaşları Azərbaycanın tanınmış mütəfəkkirləri, görkəmli ədiblər – Nəriman Nərimanov və Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə əlaqədar keçirilməsi planlaşdırılan konfrans və seminar üçün material toplayır, habelə elmşünaslıqla bağlı tədbirin hazırlıq işini davam etdirirlər.