Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artıb - RƏSMİ

Aprelin ortalarında koronavirusa yoluxma dalğası daha yüksəyə qalxmışdı, yoluxma sayı 27 apreldən 3 mayadək yenidən artıb.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün kerçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu say artımı karantin rejiminin yumşaldılması ilə bağlıdır: “Əvvəl insanlar fərdi qoruyucu vasitələrdən istifadəyə üstünlük verirdilərsə, vətəndaşlar artıq maskalardan istifadə etmir, sosial məsafəni qorumurlar. Əvvəl küçədə 10 nəfərdən 4-5 nəfərində maska görmək olurdusa, son günlərdə 1-2 nəfərdə belə maska görmək çətin olur”.

Z.Əliyev qeyd edib ki, koronavirus pandemiyası başlayandan Azərbaycan dövləti üçün əsas məsələ vətəndaşların təhlükəsizliyinin təmin edilməsi olub:

 
"Son iki ay ərzində ölkə ərazisində karantin tədbirləri tətbiq edilib. Bu rejimin tətbiqi nəticəsində Azərbaycanda virusa yoluxma vəziyyətinə nəzarət edilir. Hazırda ölkədə koronavirusa gündəlik olaraq yoluxma qeydə alınır, aktiv xəstələr xüsusi xəstəxanalarda müalicə edilir".

Sədr əlavə edib ki, ölkə üzrə yoluxmaların müəyyənləşdirilməsi üçün nəzərdə tutulan bütün məntəqələr qısa müddətdə tam avtomatlaşdırılıb: “Bunun nəticəsində artıq bütün nümunələri elektron qaydada müəyyən edə, yoluxma təmaslarını daha tez aşkarlaya bilirik. Bununla da yoluxmanın qarşısını daha yaxşı ala bilirik”.

Z.Əliyev bildirib ki, indiyədək ölkə üzrə ümumi yoluxma sayı 2127 nəfərdir, 1536 nəfər sağalıb. Hazırda aktiv xəstələrin sayı 563 nəfərə çatır.