Təhsil naziri: İmtahanlar yeni qaydalara və normalara uyğun həyata keçiriləcək

İmtahanların keçirilməsi, ali təhsil sistemində yay imtahan sessiyasının təşkili, müxtəlif məqsədli müsabiqələrin həyata keçirilməsi - bütün bu tədbirlər mövcud vəziyyətə uyğun yeni qaydalara və normalara müvafiq həyata keçiriləcək.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Təhsil naziri Ceyhun Bayramov deyib.

O, həmçinin bildirib: “Yeni normalar hazırlanıb. İlkin olaraq beynəlxalq təcrübə nəzərə alınmaqla Dövlət İmtahan Mərkəzi belə kütləvi tədbirlərin həyata keçirilməsinə dair yeni qaydalar hazırlayaraq Operativ Qərargaha təqdim edib. Operativ Qərargahda bu məsələlərə baxılıb. Tibb sahəsindən olan həmkarlarımız müvafiq təkmilləşmələr edərək sənədi təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim ediblər. Yaxın günlərdə bu sənədin təsdiq edilməsi planlaşdırılır”.