Vilayət Quliyev, siz köşə yazarı, tədqiqatçı, yoxsa səfirsiniz? Niyə öz işinizlə məşğul olmursunuz? Yaxud Vilayət Quliyev haqqında 3 xatirə

 Yaradıcılıq azadlığı deyilən bir hüquq var. Hər kəs yaradıcılıqla məşğul olmaqda sərbəsdir. Lakin sən əgər səfirsənsə, birinci öz işinlə məşğul olmalısan.  Cümhuriyyət irisi bizim həssas yerimizdir. Düzdür, mühacirətdə olan Cümhuriyyət mücahidlərimiz  vaxtilə  bir- birlərinə qarşı   əsası olmayan ittihamlar da irəli sürüblər, bir-birlərinin əlehinə kitab da yazıblar. Cümhuriyyət irsini araşadıran şəxslər söhbətin kimlərdən getdiyini anlıyırlar. Bu münasibətlər onların müqəddəsliyinə  şübhə toxumu səpə bilməz. Bu onların bir-birinə münasibətidir. Bir də var onların VƏTƏNİMİZ AZƏRBAYCANA münasibəti. Burada məsələ birmənalıdır, hamısı vətən  fədaisidir.        

Modern.az saytının köşə yazarı, Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev  saytın bu günki sayında  Azərbaycan Baş nazirinin müəmmalı ÖLÜMÜ - Harda, necə... (https://modern.az/az/news/239434)  adlı məqalə ilə çıxış edib.  Azərbaycan Cümhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəylinin ölümünə həsr edilmiş məqalədə heç bir dəxli olmadan  belə bir ifadə işlədib. “Şəfiqə xanım Qaspralı iddia edir ki, üsyanın məğlubiyyətindən sonra Gürcüstana keçməyə müvəffəq olan M.Vəkilov Tiflis bankında Nəsib bəyin hesabındakı bütün pulları götürərək mənimsəyib. Yəni onun artıq həyatda olmadığını dəqiq bildiyi üçün bu addımı atıb”.

Nəsib bəy Yusifbəylinin Tiflisdə Bank hesabında pulu ola bilərdimi?

 Azərbaycan ictimaiyyətində çox populyar olan N.Yusifbəylinin atasının ona yazdığı məktub çox ibrətamizdir. 

 Nəsib bəy Yusifbəylinin atası məktubunda yazır: ”Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısnı yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsilini bitirib Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tbilisiyə gedərək Seymin maarif naziri oldun. Aldığın pul ilə yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz. Gəldin cümhuriyyətimizin maarif naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə məndən pul istədin. Həmişə göndərirdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. O pullardan da göndərdim sənə. Bu gün isə baş nazirsən. Dövlət başçısısan, yəni ölkəmizin padşahı olmuşsan. Yenə bağının qamışını mən alım? Sən pul göndərə bilərsənmi? “..

Lakin Vilayət Quliyevin sözlərindən belə çıxır ki, Nəsib bəy Yusifbəyli atasından xəlvət pul toplayıb Tiflisdə banka qoyurmuş. Bankda pulu ola-ola atasına məktub yazıb ondan  maddi yardım istəyirmiş. 

İkinci bir tətəfdən Mustafa bəy Vəkilov başqasının adına olan bank hesabından pulu necə çıxarda bilərdi?

 Vilayət Quliyevin məntiqinə görə Tiflisdə kim istəsə yaxınlaşıb bankdan  başqasının adına olan pulu əldə edə bilərdi. Elə isə Bankda pul qalardımı?    

 Vilayət Quliyev bu əsasız iddiası  ilə Azərbaycan Cümhuriyyətinin yetişdirdiyi iki böyük şəxsiyyətə ləkə yaxmış olub.

Keçək indi xatirələrə. 1-ci xatirə. Buna lətifə də demək olar, amma reallığı əks elətdirdiyi üçün xatirə deyirəm. 

     Vilayət Quliyev 1999-cu ildə  yeni  Xarici İşlər Naziri təyin olunmuşdu. Nazir Prezident Heydər Əliyevlə  təyyarə ilə xarici səfərdən qayıdarkən    “qeyri-adi”  bacarığı ilə təyyarədən tələsik düşüb Heydər Əliyevi qarşılayan heyətə daxil olaraq  trapda Heydər Əliyevə əl uzadarkən Heydər Əliyev: "Sən mənimlə təyyarədə deyildin?" - deyə təəccübünü gizlətməyibmiş. Bunu Vilayət Quliyevin Xarici İşlər Naziri kimi ən yaddaqalan xatirəsi saymaq olar.

İkinci xatirə mərhum Prezident Heydər Əliyev televiziya ekranları qarşısında iclasda Vilayət Quliyevdən cənablar, zati aliləri   müraciəti  ilə bağlı izahat istəmşidi. O isə bu müraciətlərin orta əsrlərdə şahlara münasibətdə yarandığını söyləmişdi. Qeyd edim ki, bundan sonra idarə və təşkilatlarada rəhbər şəxslərə yazılı müraciət edərkən  cənablarına deyil, cənab flankəs ifadəsi istifadə edildi. Bu da Vilayət Quliyevin Azərbaycan xalqı qarşısında ikinici xidməti.    

Xüsusi qeyd:  Hazırda Azərbaycan Respublikasının Macarıstandakı səfiri vəzifəsini daşıyan Vilayət Quliyev  özünü saytda  Z.A – Zatı Aliləri kimi təqdim edir  (http://budapest.mfa.gov.az/content/37  ) Z.A. Cənab Vilayət QULİYEV – Fövqəladə və səlahiyyətli səfir / Diplomatik nümayəndəliyin rəhbəri. Necə deyərlər, Prezidentin  hüzurunda dediyinin ona adiyyatı yoxdur. Səfir işlədiyi üçün Zatı Aliləri olub.

Üçuncü xatirə. Necə deyərlər, əgər bu günkü yazısı olmasa idi bu xatirəni yazmazdım. Adam səfirdimi köşə yazarıdırmı, tədqiqatçıdırmı məlum deyil. Bu adam səfir kimi heç vaxt gündəmdə olmayıb, ümumiyyətlə bu adam Bakıdadırmı Budapeştdədirmi? Bunu, inanın, Xarici İşlər Naziri Elmar Məmmədyarov da bilmir ki, Vilayət Quliyev haradadır. Ötən il Dövlət İdarəçilik Akademiyasında Vilayət Quliyevin  Əlimərdan bəy Topçubaşova həsr edilmiş kitabının təqdimatı idi. İdarəçilik Akademiyasından dostalarımız məni də dəvət etmişdilər. Adətən belə təqdimatda  müəlifdən kitab əldə etmək imkanı olur. Mən də düşündüm ki,  nə gözəl həm tədbirdə iştirak edərəm, həm də Topçubaşova həsr edilmiş kitabı müəllifdən əldə edərəm. Lakin kitabı əldə edə bilmədim. Bilirsiniz niyə? Çünki Vilayət Quliyev həmin kitabı nəşriyyat vasitəsilə satışa qoymuşdu. Bu sözlərimin min bir əziyyətlə kitab cap edib satışa qoyan müəlliflərə heç bir adiyyatı yoxdur. Lakin Xarici İşlər Naziri olmuş, səfir kimi 5 min ABŞ dollarından çox maaş alan bir şəxsin Cümhuriyyət mövzusunda kitabı satışa qoyması, mənə görə, ayıbdır.

Hüquqşünas Səməd Vəkilov