“Washington Times” qəzeti Azərbaycanda aparılan islahatlara və Ermənistan-Azərbaycan münaqişəsinə dair məqalə yayıb

ABŞ-ın nüfuzlu və geniş auditoriyaya malik mətbu orqanı “Washington Times” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun “Pandemiya Dağlıq Qarabağ regionunda həlli uzanan Ermənistan-Azərbaycan münaqişəsini işıqlandırır” (Pandemic highlights the protracted Azerbaijan-Armenia conflict in Nagorno-Karabakh region) sərlövhəli məqaləsi dərc edilib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, məqalədə Azərbaycanda aparılan islahatlar barədə məlumat verilib və Ermənistan xarici siyasətində baş verən çaşqınlıqlar təhlil edilib. Koronavirus pandemiyasının insanların sağlamlığına və dövlətlərin iqtisadiyyatına ziyan vurması fonunda beynəlxalq institutlar və siyasətə dair bir sıra stereotipləri sındırmasından, dünyada status-kvonun dəyişməsindən bəhs edilir.

Qeyd edilib ki, Xəzər dənizi regionunda Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə, həmçinin son dövrlərdə Macarıstanı (müşahidəçi qismində) bir araya gətirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) səmərəli əməkdaşlıq formatına çevrilib. Bu təsisat ABŞ-ın Mərkəzi Asiya strategiyasının vacib hissələrindən olan Asiya ilə Avropa arasında İpək yolu boyunca dəmir yolu daşınmalarının həcminin artırılmasında qarşılıqlı və uğurlu əməkdaşlıq edib. TDƏŞ Azərbaycanın sədrliyi altında dövlət başçıları səviyyəsində koronavirus pandemiyası ilə mübarizəyə həsr olunmuş onlayn Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilatdır.

Müəllif qeyd edir ki, Azərbaycan texnokrat və nəticələrə yönəlmiş kadrları dövlətdə əsas vəzifələrə gətirməklə struktur islahatları həyata keçirir. ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda ölkəmizin suverenliyi və müstəqilliyinə öz güclü dəstəyini ifadə edib.

Məqalədə, həmçinin pandemiya fonunda regionun üzləşdiyi çətinliklərə, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinə nəzər salınır. Fransa, Rusiya və ABŞ-ın həmsədrlik etdikləri ATƏT-in Minsk qrupunun 30 ilə yaxın davam edən vasitəçiliyinin nəticəsiz olduğu vurğulanır. Qeyd edilir ki, pandemiya dövründə onların vasitəçiliyi ilə Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfransı baş tutub və tədbirdə birgə bəyannamə qəbul edilib.

Müəllif yazır ki, Cənubi Qafqazda gedən inkişafa baxmayaraq, Ermənistan qeyri-sabit və təhlükəli status-kvonu saxlamağa davam edir. Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakyan 2009-cu ildə Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri tərəfindən təsdiqlənən və gələcək sülh razılaşması üçün əsas məqamları əks etdirən Madrid prinsiplərinə qarşı çıxıb. Z.Mnatsakanyanın təkzibinin daha sonra digər erməni rəsmiləri tərəfindən təkrarlandığını nəzərə alsaq, son iki ildə fəal şəkildə hansı mövzuda danışıqlardan söhbət getdiyi sual olunur.

Prinsiplər digər elementlərlə yanaşı, Ermənistan silahlı qüvvələrinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən mərhələli şəkildə çıxarılması, məcburi köçkünlərin öz torpaqlarına geri qayıtması, iqtisadi əlaqələrin bərpa edilməsi və Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinə zəmanəti özündə ehtiva edir.

Danışıqların başqa formatının olmadığı dövrdə prinsiplərin təkzib edilməsi, ümumilikdə, sülh danışıqlarından imtina etmək anlamına gəlir. Buna görə də Azərbaycan Ermənistanın təcavüzü və etnik təmizləmə nəticəsində bir milyondan çox vətəndaşının öz doğma torpaqlarından didərgin düşməsinə baxmayaraq, Minsk qrupu tərəfindən aparılan danışıqlar çərçivəsində münaqişənin sülh yolu ilə həllinə sadiqliyini davam etdirir və ümumi prinsipləri şərti şəkildə danışıqlar üçün əsas kimi qəbul edir. Müstəqil dövlətlər və beynəlxalq birliyin məsuliyyətli üzvləri məhz bu yolu seçirlər.

Təəssüf ki, Ermənistan öz formal müstəqilliyini hələ də suverenliyə çevirməyib. Hərbi və iqtisadi sahələrdə xaricdən asılı olan bu dövlət özünütəcrid nəticəsində regionun əsas regional inteqrasiya təşəbbüslərindən kənarda qalır. Ermənistan Azərbaycan torpaqlarının işğalının əsirinə çevrilib.

Yazıda vurğulanır ki, monoetnik cəmiyyətə malik olan, antisemitizmin yüksək səviyyəsinin müşahidə edildiyi və tarixində nasist tərəfdaşlarının olduğu Ermənistan üçün qonşulara inanmamaq ən sadə seçim görünə bilər. Lakin belə bir seçim erməni xalqının gələcəyinə, ölkənin isə davamlı inkişafına maneə yaradır.

Davamlı sülhə nail olunması və qonşularla birgə yaşamaq, güclü iqtisadi əlaqələr qurmaq, regionun əsas təşəbbüslərində iştirak etmək, əslində, sülhü təmin etmək üçün ən səmərəli yollardır. Bəs bunun alternativi nədir?

Səfir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında çalışan zaman bütün əziyyətlərə və məcburi didərgin salınmalarına baxmayaraq, bir çox məcburi köçkündən ermənistanlı qonşuları ilə yanaşı yaşamağa hazır olduqlarını eşitdiyini bildirir və bunun dəfələrlə Dağlıq Qarabağın azərbaycanlı icması tərəfindən də səsləndirildiyini diqqətə çatdırır. Diplomat erməni liderlərin bu xoş məramdan imtina etməkdənsə, sülh barədə düşünməli olduqlarını vurğulayır.