AİHM erməni “zinvor”un həyatına 15 min funt qiymət qoyub

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) “Mukuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” işi üzrə qərarının mürəkkəbi qurumamış Ermənistan XİN öz ürəyindən keçəni həqiqət kimi qələmə verməyi qərara alıb. Bu ölkənin KİV-ləri dərhal xarici siyasət idarəsinin təbii ki, “qələbə ruhlu” bəyanatını yaymağa başlayıblar.

Guya “Avropa Məhkəməsində Azərbaycana və Macarıstana şapalaq vurulub”, “ədalət zəfər çalıb” və s.

Elə bilirsiniz bunlar həqiqətdir? Görəsən bu gün ermənilər nə münasibətlə şadyanalıq edirlər?

Doğrudan da ədalətin zəfər çalması sözləri ilə, prinsipcə, həqiqətən razılaşmaq olar, amma şapalağın kimə çatmasını araşdırmaq lazımdır.

Özünüz fikirləşin. AİHM Ramil Səfərovun hərəkətlərində Azərbaycanın bir dövlət kimi təqsirkar olmasını söyləməyə əsas tapmayıb. Hərçənd erməni tərəfin əsas məqsədi Azərbaycanı bunda təqsirləndirmək, sübut etmək idi ki, Səfərov özbaşına deyil, Azərbaycan dövlətinin “gizli əmri” və ya başqa formada “təhriki” əsasında hərəkət edib.

Amma onların bu niyyəti baş tutmadı. Ermənistanın bütün cidd-cəhdinə baxmayaraq, AİHM belə bir ittihamı sübut edə bilmədi. Fiasko alındı.

Daha sonra məhkəmə öldürülmüş Qurgen Marqaryanın ailəsinin xeyrinə cavabdehdən (yəni Azərbaycandan) heç bir təzminat tutmadı. Bilavasitə iddiaçı, hadisə vaxtı qorxaqcasına qaçıb öz otağında gizlənən və döyüş yoldaşının köməyinə gəlməyən ikinci zabit Ayk Mukuçyan da Azərbaycandan heç bir təzminat almayacaq. Bakı yalnız iddiaçıların ingiltərəli vəkil üçün çəkdikləri xərci, yəni 50 saat iş müqabilində təqribən 15 min funt ödəyəcək. Bu da ona görə ki, məhkəmə prosessual xarakterli bəzi pozuntular aşkar edib, lakin başlıca məqam – Prezidentin hər hansı məhkumu əfv etmək kimi konstitusion hüququna əsla şübhə etməyib. Bu da bir fiasko!

Beləliklə, nə qalır?

Birincisi, Səfərovu təhqir etdiyinə və Azərbaycan bayrağını tapdaladığına görə öldürülmüş erməni zabit Qurgen Marqaryan məhkəmənin qərarından əvvəl olduğu kimi torpaqda qalacaq. Avropa Məhkəməsinin verdikti onu diriltməyib.

İkincisi, Ramil Səfərov Azərbaycan Ordusu sıralarında böyük zabit rütbəsində əvvəl necə xidmət edirdisə, məhkəmənin qərarından sonra da Prezident İlham Əliyevin humanizmi sayəsində bu vəziyyət əvvəlki kimi davam edir, Səfərov sağ-salamatdır, öz mənzilində ailəsi ilə bərabər yaşayır və məvacib alır. AİHM ermənipərəstlərin zingiltisinə əhəmiyyət verməyib və Səfərovu kameraya qaytarmayıb.

Üçüncüsü, məhkəmədə Azərbaycana britaniyalı vəkillərə təqribən 15 və ya 16 min funt ödəmək tapşırığı verilib, bundan sonra iş HƏMİŞƏLİK bağlanır.

Dördüncüsü, Azərbaycan XİN dərhal bəyan edib ki, Ermənistan özü “Çıraqov Ermənistana qarşı” işi üzrə elə həmin AİHM-in qərarına əsasən ödəməli olduğu məbləği ödəməyincə, Bakı da heç nə ödəməyəcək. Bu da üçüncü fiasko! Bir sözlə, ermənilər canfəşanlıq etməklə dünya birliyinin diqqətini özlərinin məhkəmədə uduzduğu işə cəlb ediblər.

Nə dəyişib? Heç nə! Mahiyyət etibarilə məhkəmə bizim bayrağımızı tapdalayan təhrikçinin həyatına 15 min funt qiymət qoyub.

Daha sonra. Ermənistan XİN-in bəyanatında Azərbaycan zabitinə Milli Qəhrəman adı verilməsindən danışılır. Bu, ağ yalandır. Azərbaycan Prezidenti heç vaxt belə fərman verməyib və Azərbaycan Respublikasının Milli qəhrəmanlarının siyahılarında Ramil Səfərovun adı yoxdur. Amma bir fakt hamıya məlumdur ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Qurgen Marqaryana Ermənistanın milli qəhrəmanı adı verib. Bununla əlaqədar sual edilir: icazə verin maraqlanaq, Marqaryanın hansı xidmətlərinə görə? Bu zabitin “qəhrəmanlığı” nədən ibarətdir? Əgər Marqaryanın Azərbaycan bayrağını tapdalaması və ya NATO kurslarında azərbaycanlı həmkarına qarşı saysız-hesabsız provokasiyalar etməsi ermənilərin nəzərində “igidlikdirsə”, onda hər şey aydındır.

Ümumiyyətlə, öz paytaxtında nasistlərin əlaltısına bir neçə metr hündürlüyündə heykəl qoyulmuş millət başqa ölkələrdəki qəhrəmanlar haqqında mühakimə yürüdə bilərmi?!//Azərtac