Arif Cəmil oğlu Quliyev Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının Akademiki seçilib

Ukrayna Milli Aviasiya Universitetinin (MAU) Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru, "Ukrayna Azərbaycanlıları Alimlər Şurası" ictimai təşkilatının sədri Arif Cəmil oğlu Quliyev Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının Akademiki seçilib.

Arif Quliyev “Beynəlxalq terrorizmlə mübarizədə prezidentlik institutu: Ukrayna və Azərbaycan Respublikası qanunvericiliklərinin müqayisəli-hüquqi təhlili” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və bu sahədə terrorizmlə mübarizənin beynəlxalq-hüquqi tənzimlənməsi mexanizminin kompleks öyrənilməsinə, terrorizmlə mübarizə sahəsində prezident institutunun fəallaşdırılması modelinin milli xüsusiyyətləri və xarakter cəhətlərinin açılmasına dair elmi məqalələr yazaraq tədqiqatlar aparıb.

Qeyd etmək lazımdır ki, hüquq elmləri doktoru Arif Quliyevin Azərbaycanın dövlət, habelə diplomatiya xidməti, o cümlədən Ukraynanın elm və tədris sahəsində çox böyük təcrübəsi vardır.

Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının Akademiki seçilməsi münasibətilə "Yer və İnsan" jurnalının kollektivi həmvətənimizi təbrik edir, onunla qürur duyur və gələcək işlərində ona uğurlar arzulayır.

Arif Quliyev 1952-ci il iyul ayının dördündə Bərdə rayonunun Böyük Qacar kəndində anadan olub. Ali təhsilini Bakı Dövlət Universiteti, Bakı Ali Partiya məktəbi,  Ukrayna Prezidenti yanında dövlət idarəçilik Akademiyasında alıb. Hal-hazırda Ukraynanın Kiyev şəhərində yaşayır. Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Əlaqələr İnstitutu Beynəlxalq Hüquq kafedrasının professorudur.

 

Fotosessiya