Muxtar Babayev: İqlim maliyyəsi ölkələr üçün əlverişli və əlçatan olmalıdır
Bakıdan Belemə, daha sonra isə Antalyayadək iqlim öhdəliklərini icraata çevirmək məqsədilə birgə çalışdıq. Məsləhətləşmələrlə yanaşı, 148 yazılı təklifi bir araya gətirərək müvafiq sənədi hazırladıq. İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün lazım olan həllərin bir çoxuna artıq sahibik. Lakin bu fəaliyyətlərin həyata keçirilməsi qeyri-kafi maliyyələşmə, texnologiyaya məhdud çıxış və zəif institusional imkanlar səbəbindən məhdudlaşmaqda davam edir.
Bunu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində keçirilən "Belem Missiyası: 1,5-ə doğru" mövzusunda yüksək səviyyəli görüşdə çıxışı zamanı Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev deyib.
Onun sözlərinə görə, maliyyə məsələsi Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin və Milli Uyğunlaşma Planlarının həyata keçirilməsində ən sıx rast gəlinən maneədir.
“İnkişaf etmiş ölkələr tərəfindən 2024-cü ildə iqlim məqsədləri üçün ayrılan dövlət maliyyəsinin təxminən üçdə ikisi kreditlər şəklində olub, qrantlar isə cəmi 30 faizə yaxın hissəni təşkil edib. Eyni zamanda, inkişaf etməkdə olan ölkələrdə kapitalın dəyəri çox vaxt inkişaf etmiş iqtisadiyyatlardan iki-üç dəfə yüksək olur”, - deyə M.Babayev qeyd edib.
COP29-un prezidenti məsələnin sadəcə daha çox vəsait səfərbər etməkdən ibarət olmadığını vurğulayıb. Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi bildirib ki, vacib olan maliyyənin əlverişli və əlçatan olmasını, həmçinin ölkələrin ehtiyaclarına uyğun gəlməsini təmin etməkdir.
“Artıq həm maneələr, həm də həll yolları barədə daha aydın təsəvvürə malikik. Ümumi məsuliyyətimiz ondan ibarətdir ki, daha möhkəm tərəfdaşlıqlar, daha səmərəli maliyyələşdirmə və praktiki səviyyədə ölçülə bilən irəliləyişlər vasitəsilə bu işin Antalyadan sonra da davam etməsini təmin edək”, - deyə M.Babayev fikrini yekunlaşdırıb.//AZƏRTAC

