Ziya Zakir Acar: Ermənistan məskunlaşdırma adı ilə bölgəyə terrorçu dəstələr toplayır

Tarixin bütün dövründə terror və mütəşəkkil cinayətkarlıq insanlıq üçün ən böyük təhlükə və problemlər yaradan fəaliyyət növləri olub. Təəssüf ki, Türkiyə və Azərbaycan da hər zaman bu problemlərlə üz-üzə qalıb. Saxta “erməni məsələsi”ndən yaranan bütün məqamlar, o cümlədən Dağlıq Qarabağın işğalı və bu torpaqlarda qanunsuz məskunlaşdırma cəhdləri məqsədli şəkildə həyata keçirilən cinayət növləridir.

Bu fikri AZƏRTAC-a açıqlamasında İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri, saxta “erməni məsələsi” üzrə tədqiqatçı Ziya Zakir Acar bildirib.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ayrı-ayrı mərhələlərindən danışan tədqiqatçı deyib: “Keçmiş sovetlər birliyinin süqutu ərəfəsində Ermənistandakı azərbaycanlıların bu ölkədəki dədə-baba yurdlarından deportasiya edilməsi beynəlxalq hüquqa təhdid olduğu kimi, Azərbaycanın işğal altındakı torpaqlarında qanunsuz məskunlaşdırma cəhdi də eyni məqsədli bəşəri cinayətdir. Stalinin dövründə və 1988-ci ildə həyata keçirilən deportasiyalar nəticəsində Ermənistanda azərbaycanlıların boş qalan evlərinə kimlər yerləşdirildi? Xaricdən, əsasən də ərəb ölkələrdən gətirilən ermənilər. Livandakı məlum partlayışı bəhanə edərək bu ölkədəki erməniləri min bir vədlə Azərbaycanın işğal edilmiş torpaqlarında yerləşdirmək cəhdi həmin qanunsuz məskunlaşdırmaların davamıdır”.

Z.Acar vurğulayıb ki, əslində Ermənistanın bu mərhələdəki məqsədi heç də yalnız qanunsuz məskunlaşdırma ilə başa çatmır. İşğalçı dövlət bu ad altında terrorçuları, ucuz döyüşçü qüvvəni bölgəyə toplamaq niyyəti güdür.