Torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpaqları alan orqan müəyyən edilib

Baş nazir Əli Əsədov “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanın müəyyən edilməsi barədə” qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Şəmkir, Goranboy, Samux, Ağcabədi, Saatlı, Sabirabad, Salyan, Balakən, Şəki, Oğuz, Yevlax, Göyçay, İmişli, Biləsuvar, Neftçala, Cəlilabad, Qəbələ, Masallı, Ağdaş, Ağsu, İsmayıllı, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarında hidrotexniki qurğuların tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti müəyyən edilir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edəcək.

 
Qərara dair Nazirlər Kabinetinin izahında deyilir: “Ağcabədi rayonunda yaradılan aqroparkın 850 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi”, “Yuxarı Şirvan Kanalının yenidən qurulması”, “Saatlı rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Kür çayından əlavə suyun verilməsi”, “Şəki və Oğuz rayonları ərazisində yaradılacaq aqroparkın suvarma suyu ilə təmin edilməsi”, “Yevlax və Goranboy rayonları ərazisində 3120 hektar əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi”, “Göyçay rayonu ərazisində Göyçay çayında baş suqəbuledici qurğunun təmir-bərpası və selə qarşı mühafizə tədbirləri”, “Araz çayının yeni qolu vasitəsi ilə yeni suvarılan torpaqların istifadəyə verilməsi” və digər layihələrin icrası ilə bağlı tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınması nəzərdə tutulmuşdur.

Bununla əlaqədar, respublikanın 24 rayonunda hidrotexniki qurğuların, o cümlədən meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi altına düşən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması məqsədilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti alan orqan müəyyən edilmişdir".