Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Fevralın 18-də Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

 Kremlin mətbuat xidməti xəbər verir ki, söhbət zamanı hər iki tərəf müxtəlif sahələrdə Rusiya-Türkiyə qarşılıqlı faydalı əlaqələrini daha da genişləndirmək əzmində olduğunu vurğulayıb. Energetika sahəsində birgə iri layihələrin həyata keçməsi prioritetlər sırasındadır. Koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri, o cümlədən Rusiya vaksinlərinin Türkiyəyə tədarükünün və istehsalının təşkilinin mümkünlüyü müzakirə edilib.

Kremlin mətbuat xidmətinin məlumatında deyilir: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında müəyyən edilən razılaşmaların icrası kontekstində Dağlıq Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi davam etdirilib. Bu halda regionun sosial-iqtisadi inkişafı maraqları çərçivəsində Rusiya və Türkiyənin fəaliyyətinin əlaqələndirilməsi nəzərdə tutulur. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin işə başlaması ilə bağlı məmnunluq ifadə olunub”.

Tərəflər Suriya münaqişəsinin nizamlanması mövzusuna da toxunublar.

Məlumatda deyilir: “İdlib əyalətində vəziyyətin sabitləşdirilməsi üzrə Rusiya və Türkiyənin səyləri, Suriyada kök salan beynəlxalq terrorçu qruplaşmalarına qarşı güzəştsiz mübarizəyə hər iki tərəfin sadiqliyi təsdiq edilib. Suriyaarası siyasi prosesə, o cümlədən Astana formatı çərçivəsində dəstəyi davam etdirmək niyyəti bildirilib”.

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Liviyada uzunmüddətli normallaşmasının təmin edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının köməyi ilə bu ölkədə keçid dövrünün hakimiyyət orqanlarının formalaşdırılmasının vacibliyini qeyd ediblər.

Rusiya Prezidenti bu yaxınlarda İraqda Türkiyə Respublikasının 13 vətəndaşının faciəli ölümü ilə əlaqədar Prezident Ərdoğana başsağlığı verdi.//AZƏRTAC