BMT-nin iclasında erməni vandalizmi barədə danışılıb

Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunun işğalı zamanı Ermənistan tərəfindən bu ərazilərdə vandalizm aktı törədilib, Azərbaycanın mədəni-dini irsi yerlə-yeksan edilib və ya dəyişdirilib - məscidlər, ziyarətgahlar, kilsələr, qəbiristanlıqlar dağıdılıb və ya heyvan saxlanılan tövlə halına salınıb, həmçinin tarixi Qafqaz Albaniyasına aid abidələrin daxili və xarici görkəmləri dəyişdirilərək qriqoryanlaşdırılıb.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı BMT-nin mənzil qərargahında qurumun İqtisadi və Sosial Şurasının (ECOSOC) “Bərabərliyə yeni baxış: Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyət onilliyi çərçivəsində irqçilik, ksenofobiya və ayrı-seçkiliyin hər kəs üçün aradan qaldırılması” mövzusunda nazirlərin iştirakı ilə virtual formatda görüşü zaman deyib.

Onun sözlərinə görə, təsadüfi deyil ki, bir sıra xarici jurnalistlər erməni vandalizminin qurbanı olmuş həmin yaşayış məntəqələrini “kabuslar şəhəri”, “kiçik Xirosima” adlandırıblar.

M.Qurbanlı erməni işğalçıları üzərində Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük müharibədən sonra işğaldan azad olunmuş torpaqlarımızda Ermənistan tərəfindən vandalizm aktlarına məruz qalmış tarixi dini abidələrin dövlət tərəfindən bərpa edilməsi prosesinin başladığını vurğulayıb.

M.Qurbanlı qeyd edib ki, Ermənistan xristian təəssübkeşliyinə nail olmaq məqsədilə bu müharibəyə din xadimlərini cəlb edərək, münaqişəni dini müstəvidə təqdim etməyə çalışıb. Azərbaycanda müsəlman, xristian, yəhudi və s. dinlərin, eləcə də 30 mindən çox erməni millətinin nümayəndələrinin də sərbəst yaşadığı, Bakının mərkəzində Erməni Apostol Kilsəsinin dövlət tərəfindən qorunduğu hamıya məlumdur.

Çıxışının sonunda Komitə sədri hazırda dinlərin insanlara verəcəyi əsas töhfə olan vəhdət və harmoniyanın təmin edilməsinin, dini liderlər tərəfindən irqi, dini ayrı-seçkilik, ekstremizm və separatizmin tənqidinə yönəlik çağırışların vacibliyini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırıb.