“Azəri-Çıraq-Günəşli”dən neft istehsalı 4 milyard barelə çatır

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan ilk neft hasilatından bu vaxtadək ümumi istehsal 3,9 milyard barreldən çox olub.

Bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb.

Qeyd edək ki, cari ilin ilk rübündə yataqlar blokundan hasilat 44 milyon barel, yəni 6 milyon ton olub. Rüb ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Üç ayda AÇG-dən ümumi hasilat – “Çıraq” (30 min), “Mərkəzi Azəri” (112 min), “Qərbi Azəri” (130 min), “Şərqi Azəri” (79 min), “Dərinsulu Günəşli” (89 min) və “Qərbi Çıraq” (44 min) platformalarından birgə gündəlik orta hesabla 484 min barel təşkil edib.

Rübün sonuna AÇG-də ümumilikdə 133 neft hasilat, 45 su və 8 qaz injektor quyusu istismarda olub. Yanvar-mart aylarında blokda 3 neft hasilat və 2 suvurma quyusu qazılıb.

Üç ayda AÇG layihəsinə təqribən 142 milyon dollar əməliyyat və 463 milyon dollardan çox əsaslı məsrəflər xərclənib.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP 30,37 faiz, “AzAÇG” (SOCAR) 25 faiz, MOL 9,57 faiz, “Inpex” 9,31 faiz, “Equinor” 7,27 faiz, “ExxonMobil” 6,79 faiz, TPAO 5,73 faiz, “Itochu” 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) 2,31 faiz.

Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıb. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin il oktyabrın 31-də ratifikasiya olunub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.