Ukraynanın “Kiyev diplomatik” jurnalında Ulu Öndər haqqında məqalə dərc edilib

Ukraynanın nüfuzlu “Kiyev diplomatik” jurnalında həmvətənimiz, hüquq elmləri doktoru, Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyevin ümumilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi ilə əlaqədar məqaləsi dərc edilib.

Məqalədə Ukraynada Heydər Əliyevə hər zaman görkəmli bir dövlət xadimi kimi dərin hörmətlə yanaşıldığı qeyd olunub. Bildirilib ki, Ulu Öndər xidmətlərinə görə, Ukrayna dövlətinin ən yüksək mükafatları ilə təltif edilib, Kiyev şəhərinin fəxri vətəndaşı, Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru adına layiq görülüb.

Müəllif məqalədə dünyanın tanınmış ictimai-siyasi xadimlərin Heydər Əliyev haqqında söylədiyi fikirlərə geniş yer ayırıb, Ulu Öndərin Azərbaycan və dünya siyasəti üçün gördüyü xidmətləri barədə ətraflı məlumat verib.

İndiki Azərbaycan dövləti təməli Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti həyata keçirməyi davam edir. Hazırladığı strateji kurs siyasi, iqtisadi, sosial və mədəni həyatın bütün sahələrində inkişafa güclü təkan verdi və zəngin siyasi təcrübəsi əsl dövlət idarəçiliyi məktəbinə çevrildi.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Heydər Əliyevin siyasi və iqtisadi kursu uğurla davam etdirilir, insanların hüquq və azadlıqları, milli-dövlət quruluşunun mənafeləri və açıq cəmiyyətin ən yüksək dəyərləri qorunur.//Azərtac

 

Emil Hüseynli