Ağdam və Tərtərdə subartezian quyularının qazılmasına 1,4 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev AğdamTərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, AğdamTərtər rayonlarının əhalisi 25950 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon (bir milyon dörd yüz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.