Deputat: Qlobal güc mərkəzlərinin Azərbaycana diqqəti onun regionda liderliyinə və qlobal siyasətdə əhəmiyyətinə verilən qiymətin təzahürüdür

Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Hər iki dövlət qarşılıqlı şəkildə bir-birinin suverenliyini və torpaqların toxunulmazlığını tanıyır və hörmət edir. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan Çin Xalq Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir və onun ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Azərbaycan da öz növbəsində Çinin “Vahid Çin” siyasətini tanıyır. Hər iki ölkə bu əlaqələrin inkişafında və dərinləşdirilməsində maraqlıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı onu deməyə əsas verir ki, dünyanın ən böyük güc mərkəzlərindən biri olan ÇXR-in rəhbəri Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Ölkələrimiz arasında uğurlu əməkdaşlığın perspektivlərini özündə ehtiva edən telefon danışığı həm də Prezident İlham Əliyevin nüfuzunun və Onun rəhbərliyi ilə aparılan uğurlu diplomatiyaya diqqətin göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib.

Deputat diqqətə çatdırıb ki, eyni gündə, yəni, iyunun 2-də iki qlobal güc mərkəzinin – Çinin və Avropa İttifaqının rəhbərlərinin Prezident İlham Əliyevə telefonla zəng etməsi Azərbaycanın regionda liderliyinə və qlobal siyasətdə əhəmiyyətinə verilən qiymətin təzahürüdür. Ümumi ticarət dövriyyəsi 500 milyard dollar həcmində olan Çinlə Avropa İttifaqı arasında Azərbaycanın mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməsi təbii ki, ölkəmiz və iki qlobal güc arasında əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

M.Abbaszadə vurğulayıb ki, Azərbaycan ilə Çin arasında siyasi dialoqun əsası ümummilli lider Heydər Əliyevin 1994-cü ilin martında ÇXR-ə rəsmi səfəri zamanı qoyulub. Həmin yüksəksəviyyəli siyasi dialoq Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf və davam etdirilir. Ölkələrimiz arasında ikitərəfli münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib. Azərbaycan-Çin əlaqələri dostluq və qarşılıqlı etimada əsaslanır və yüksək inkişaf dinamikası ilə seçilir.

Deputatın sözlərinə görə, telefon danışığında hər iki tərəf əməkdaşlığı daha da inkişaf etdirmək niyyətlərini ifadə etdilər. Dövlət başçıları COVID-19 pandemiyası dövründə Azərbaycan və Çinin həqiqi dostluq nümayiş etdirərək, çətinliklərin öhdəsindən gəldiklərini və bir-birini dəstəklədiklərini məmnunluqla bildirdilər. Çin dünyanın pandemiya ilə üzləşdiyi bir dönəmdə bu sahədə Azərbaycana böyük dəstək verməkdədir.

Deputat vurğulayıb ki, Azərbaycan və Çin siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurla əməkdaşlıq edirlər. ÇXR Sədri də Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu vurğulayıb. Bu da təsadüfi deyil. Azərbaycanın əsas təşəbbüskarı olduğu Bakı-Tbilisi-Qars dəmir yolu, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər infrastruktur layihələri “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində atılan mühüm addımlardır. Məhz bu layihələr sayəsində artıq Çindən Avropaya və əks istiqamətə yüklər daha qısa müddətdə və daha az xərc sərf etməklə daşınır.

“Bu gün Çin şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində quruculuq işlərində fəal iştirak edirlər. Si Cinpin Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşunu daha da təşviq etməyə, infrastruktur layihələri çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirib. Bütün bunlar hər iki ölkənin dostluq və səmimi münasibətlərə əsaslanan əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu təsdiqləyir”,- deyə Mahir Abbaszadə bildirib.