ÜST səyləri gücləndirməyi tövsiyə edir

COVID-19 vaksinasiyası ilə bağlı cari vəziyyət, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunda xəstəliyin mövcud və proqnozlaşdırılan epidemiologiyası və “omikron” ştamına qarşı peyvəndin effektivliyinə dair sübutlara əsaslanaraq, İmmunlaşdırma üzrə Avropa Texniki Məsləhət Qrupu (ETAGE) üzv dövlətlərə yerli vaksinasiya strategiyasına uyğun olaraq müvafiq qrupların COVID-19 peyvəndinin ilkin 2 dozası və 1-ci “buster” dozasının qəbul edilməsi ilə bağlı səyləri gücləndirməyi tövsiyə edir.

ÜST-ün Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, əlavə qorunmanı təmin etmək, ağır xəstələnmə, xəstəxanaya yerləşdirilmə, COVID-19-dan ölüm riskini minimuma endirmək və səhiyyə xidmətlərinin davamlılığını maksimum dərəcədə artırmaq üçün ölkələr bu addımları atmalıdır:

• 5 yaşdan yuxarı orta və ağır immunçatışmazlığı olan şəxslərə və onların yaxın təmaslarına ikinci “buster” dozanın tətbiq edilməsi;

• yaşlılar, tibb işçiləri və hamilə qadınlar da daxil olmaqla, xüsusi risk qruplarına ikinci “buster” dozanın tətbiq edilməsi;

• mümkün olan hallarda COVID-19 və mövsümi qripə qarşı peyvəndlərin birgə tətbiqinin nəzərdən keçirilməsi.

ÜST-nin Azərbaycan nümayəndəliyi COVID-19 vaksinasiyasına dair ən son tövsiyələri yerli səhiyyə tərəfdaşları ilə bölüşüb.