MİQ imtahanının nəticələri ləğv edilir?

Bugünlərdə Müəllimlərin İşə Qəbulu (MİQ) ilə bağlı keçirilən imtahanla bağlı qalmaqal yaranıb. 

Belə ki, Azərbaycan Respublika Təhsil İnstitutu (ARTİ) Müəllimlərin İşə Qəbulu müsabiqəsinin imtahan mərhələsində riyaziyyat fənni üzrə test tapşırıqlarına dair sosial mediada yayılan iddialarla bağlı araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki, cəlb edilən müəlliflərdən Siracəddin Quluzadə onunla bağlanmış məxfilik müqaviləsinin şərtlərini pozaraq ARTİ-yə təhvil verdiyi orijinal test tapşırıqlarını müəllim hazırlıq mərkəzlərindən birinin test bankına da təqdim edib. Bu suallar həmin hazırlıq mərkəzi tərəfindən imtahandan əvvəl yayımlanan videodərs zamanı çoxsaylı suallar arasında müzakirə üçün istifadə olunub. 

İyulun 14-də keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilən 3 sualın (S.Quluzadə tərəfindən MİQ sual bankına təqdim edilmiş) imtahandan əvvəl bəzi namizədlərə videoformatda izah olunması iddiası öz təsdiqini tapıb". 

ARTİ bildirib ki, bağlanmış xidməti müqavilənin şərtlərini kobud surətdə pozduğuna görə, S.Quluzadə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq hüquqi addımlar atılacaq. Baş verən hadisə ictimaiyyət tərəfindən də birmənalı qarşılanmayıb. 

Belə ki, Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi MİQ imtahanları ilə bağlı bəyanat yayıb. Qeyd edilir ki, cari ildə keçirilən MİQ imtahanında istifadə olunan test tapşırıqlarının maddi maraq qarşısında digər şəxslərə verilməsi faktı qeydə alınıb və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən rəsmi etiraf edilib: 

“Biz hesab edirik ki, MİQ imtahanının keçirilməsinə əsaslı şübhələr var və cari il üçün keçirilən bütün imtahanlar, onun nəticələri ləğv edilməlidir. 2022-ci il üçün MİQ imtahanın keçirilməsi üçün müəyyən edilmiş bütün rəhbər və müəllif - ekspert heyəti təcili olaraq istefa verib uzaqlaşdırılmalı, onun ardınca hüquq-mühafizə orqanları bu şəxlər barədə araşdırma aparılmalıdır". 

Bir daha Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi Təhsil Nazirliyi tərəfindən 2022-ci ildə keçirilən imtahanların nəticəsinin ləğvini tələb edir və bütün imtahan nəticələrini etibarsız hesab edir. 

Müəllimləri hazırda maraqlandıran odur ki, baş verən hadisə ilə bağlı MİQ imtahanının nəticələri ləğv edilə bilərmi? 

MİQ imtahanının nəticələrinin ləğvi ilə əlaqədar Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Cebhe.info-ya açıqlamasında buları bildirib: 

“Xeyr. Mənim bu barədə heç bir məlumatım yoxdur”.