Ağalı kəndində iki və üçmərtəbəli mənzil tipli daha 150 evin tikilməsi planlaşdırılır

Zəngilana həyat yenidən qayıdır. Bu günlərdə ilk köçün həyata keçirildiyi Zəngilanda bərpa-quruculuq və köçürülən əhalinin rifahının yaxşılaşdırılması üçün işlər sürətlə davam etdirilir. İşğal illərində tamamilə dağıdılmış Zəngilanın hazırda bərpası bütünlüklə Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə həyata keçirilir.

Yerveinsan.az bildirir ki, bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

“Zəngilanın Ağalı kəndinə 45 nəfərdən ibarət 10 ailənin köçürüldüyü üçüncü köç həyata keçirilib. Ümumilikdə 41 ailənin 201 üzvünün köçürülməsi nəzərdə tutulur. Ağalı kəndində əhalinin sosial rifahının yaxşılaşdırılması üçün məşğulluq məsələləri, başda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olmaqla dövlət qurumlarının xüsusi nəzarəti altındadır. İndiyədək köçürülən əhalinin bir hissəsi artıq işlə təmin edilib. Yaxın günlərdə əmək yarmarkasının keçirilməsi planlaşdırılır və əmək qabiliyyətli əhalinin qalan digər hissəsinin də işlə təmin edilməsi nəzərdə tutulur”, - deyə Vahid Hacıyev vurğulayıb.

Hazırda Ağalı kəndində 200 evin inşası başa çatdırılıb, daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi də planlaşdırılır. Bundan başqa, uşaq bağçası, məktəb və bir neçə inzibati bina da istifadəyə verilib.