Ağdamın “Qarabağ” futbol klubu bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində cavab oyununa çıxacaq

Ağdamın “Qarabağ” futbol klubu bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində cavab oyununa çıxacaq.

 Ağdam təmsilçisi İsveçrədə “Sürix” komandasının qonağı olacaq. “Letsiqrund” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edəcək.

Bakıdakı ilk qarşılaşma “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Cavab oyunu öncəsi Ağdam təmsilçisinin heyətində itki yoxdur. Zədəsini sağaldan Qara Qarayev də artıq komandaya qoşulub və meydana çıxmağa hazırdır. Meydan sahiblərindən isə Blerim Cemaylinin matçda iştirakı sual altındadır. Evdə “Lütsern”lə qolsuz heç-heçə etdikləri İsveçrə çempionatının ikinci tur qarşılaşmasından sonra əzələsində problem aşkarlanan 36 yaşlı yarımmüdafiəçinin durumuna bu gün aydınlıq gələcək.

Qeyd edək ki, bu cütün qalibi üçüncü təsnifat mərhələsində “Slovan” (Bratislava, Slovakiya) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Uduzun komanda isə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Budyo Qlimt" (Norveç) - "Linfild" (Şimali İrlandiya) cütünün məğlubu ilə görüşəcək.