Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev vəzifəsindən ayrılıb

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev səhhəti ilə əlaqədar vəzifəsindən ayrılıb.

Yerveinsan.az PFL-in mətbuat xidmətinə istinadla xəbər verir ki, R.Musayev 14 il Liqaya rəhbərlik edib.

O, 2004-cü ildən futbol fəaliyyəti ilə məşğul olur. 2004-cü ilin aprelində “Neftçi”nin icraçı direktoru, həmin ilin noyabrdan isə vitse-prezidenti təyin olunub. “Ağ-qaralar”da işlədiyi müddətdə komanda ilə Azərbaycan çempionu adına yiyələnib, avrokuboklarda mərhələlər keçib, 2006-cı ildə “Birlik kuboku”nun ilk qalibi olub.

2008-ci ildə AFFA-da keçirilən səsvermənin nəticəsinə əsasən, yeni yaradılan PFL-in ilk prezidenti seçilib və vəzifəsini 4 il icra edib. Yeni vəzifəyə seçildikdən sonra o, “Neftçi” klubundakı vitse-prezident postunu tərk edib.

2012-ci ilin iyulunda AFFA prezidenti Rövnəq Abdullayev və klub rəhbərlərinin iştirakı ilə keçirilən növbəti seçkidə yekdilliklə ikinci müddətə PFL-ə prezidenti seçilib. O, 2016-cı və 2020-ci illərdə də seçkilərin qalibi olub.