Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq gənclərin ilk siyahısı təsdiqlənib

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na ilk qəbul prosesinin nəticələri müəyyən olunub.

Elm və Təhsil Nazirliyindən  bildirilib ki, Dövlət Proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahəsi üzrə 673 nəfər müraciət edib.

Müsabiqənin ilkin nəticələrinə əsasən, 80 namizəd bakalavriat səviyyəsi, 149 namizəd isə magistratura səviyyəsi üzrə müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb. Müsabiqə üzrə digər nəticələrin növbəti həftələrdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

Proqram iştirakçılarının ən çox müraciət etdiyi ixtisas istiqamətləri mühəndislik, maliyyə, iqtisadiyyat, informasiya texnologiyaları, təhsil olub. Təqaüd qazanan gənclərimiz dünyanın Bilkent Universiteti, Koç Universiteti, Orta Şərq Texniki Universiteti, Bonn Universiteti, Frayburq Universiteti, Stanford Universiteti, Nyu-York Universiteti, “Texas A&M” Universiteti, Corc Vaşinqton Universiteti, London İmperial Kolleci, Kembric Universiteti, London Kral Kolleci, London Biznes Məktəbi, “UCL”, Uorvik Universiteti, Strasburq Universiteti, Tartu Universiteti, Roma Sapienza Universiteti, Milan Politexnik Universiteti, Toronto Universiteti, MakQill Universiteti, Britiş Kolumbiya Universiteti, Amsterdam Universiteti, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST), Sinqapur Nanyanq Texnoloji Universiteti, Monaş Universiteti, Sidney Universiteti, “KU Leuven” kimi nüfuzlu təhsil müəssisələrində təhsillərini davam etdirəcəklər.

Qeyd edək ki, Dövlət Proqramının illik hədəf göstəricisində 400 təqaüdün verilməsini və magistratura səviyyəsi üzrə mövcud kvotada boş təqaüd yerlərinin olduğunu nəzərə alaraq 10-25 avqust 2022-ci il tarixlərində yenidən sənəd qəbulu elan olunur.

Müvafiq elan mətni Elm və Təhsil Nazirliyinin saytında yerləşdirilib.